Layihə çərçivəsində növbəti regional seminar Şəki şəhərində keçirildi
   
   İyulun 12-də Şəki şəhərində Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə “Milli mədəniyyət və müasir mədəniyyət siyasəti” layihəsi üzrə seminar keçirildi. Keçən ilin sonundan start verilən layihə Mədəniyyət və Turizm Nazirliyinin Elm və təhsil şöbəsinin Elmi-metodiki sektorunun müdiri Asif Usubəliyevin rəhbərliyi ilə keçirilir. İndiyədək bir neçə bölgədə reallaşan seminarlara mütəxəssislər, ali məktəblərin alim və müəllimləri də qatılıb.
   
   Şəkidə keçirilən seminarda AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun baş elmi işçisi, fəlsəfə elmləri doktoru Mətləb Mahmudov, Mədəniyyət və İncəsənət Universitetinin dosenti Mübariz Süleymanlı, Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi Asif Nəsibov iştirak edirdi.
   Yerli mədəniyyət müəssisələrinin rəhbərləri və işçiləri üçün keçirilən seminar Sənətkarlar Evinin konfrans zalında baş tutdu. Tədbiri Şəki Şəhər Mədəniyyət və Turizm Şöbəsinin müdiri Aydın İbrahimxəlilov açıq elan etdi. Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri Asif Usubəliyev çıxışında regionlardakı mədəniyyət müəssisələrində çalışan kadrların peşəkarlıq səviyyəsinin yüksəldilməsinin zəruriliyini önə çəkdi: «Bunu nəzərə alaraq Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzi mədəniyyət işçiləri üçün səyyar yay kurslarına start verib. İyulun 6-da İsmayıllı rayonunda kurslar başlanıb. Mədəniyyət və incəsənət sahəsi üzrə ali təhsil ocaqlarının yüksək səviyyəli müəllimləri bu kurslarda mühazirələr oxuyur. 17-26 avqust tarixində kursların Şəkidə keçiriləcəyi planlaşdırılır. Biz istərdik ki, mədənyyət işçiləri bu kurslarda aktiv iştirak etsinlər”.
   Sektor müdirinin sözlərinə görə, regionlarda mədəniyyət siyasətinin daha səmərəli aparılması üçün təşəbbüskarlığın göstərilməsi vacib məsələdir. Regionlarda mədəniyyət ocaqlarının təmir-bərpa olunduğunu, yeni mədəniyyət obyektlərinin tikildiyini deyən nazirlik rəsmisi, kadr təminatı məsələsində vəziyyətin qənaətbəxş olmadığını bildirdi: “Mədəniyyət müəssisələri Mədəniyyət və Turizm Nazirliyinin balansında olduğu halda, bu müəssisələrə kadr hazırlayan təhsil ocaqları digər nazirliyin tərkibindədir. Bu sistem işin nizamlanmasında müəyyən çətinliklər yaradır. Mədəniyyət və Turizm Nazirliyi bu məsələ barəsində də düşünür və yaxın illərdə müsbət nəticələr əldə olunacağı gözlənilir”.
   Mədəniyyət və İncəsənət Universitetinin dosenti Mübariz Süleymanlı mədəniyyətə baxış sisteminin dəyişdirilməsinin vacibliyini qeyd edib, mədəni inteqrasiya prosesində ortaya çıxan problemlərdən danışdı. Onun sözlərinə görə, mədəni inteqrasiya prosesində qloballaşmanın doğurduğu fəsadları önləmək üçün ilk növbədə güclü informasiya siyasəti aparılmalıdır.
   AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun baş elmi işçisi Mətləb Mahmudov isə bu layihənin əsas mahiyyətini anlamağın vacibliyini bildirdi. Qeyd etdi ki, milli mədəniyyətin modernləşməsi labüddür və bunun da əsasında iqtisadi-siyasi vəziyyətin normallaşması durur: “Azərbaycan ərazi bütövlüyünü bərpa edə bilməyib. Bunun mədəniyyət, mənəviyyat sahəsinə də təsiri böyükdür. Hər bir vətəndaş milli-mənəvi dəyərləri qorumalıdır”. Natiq vurğuladı ki, mədəniyyət siyasətində demokratik ruhu qorumaq nə qədər lazımdırsa, bir o qədər də məqsədyönlü şəkildə icbarilik tətbiq edilməlidir”.
   Gənc nəslin formalaşması barədə çıxış edən Dövlət İdarəçilik Akademiyasının müəllimi Asif Nəsibov isə vurğuladı ki, gənclərin formalaşmasında yaşlı nəslin rolu böyükdür. O, yerlərdə təşəbbüskarlığın artırılmasının vacibliyini vurğuladı.
   Tədbirin sonunda yerli mədəniyyət işçiləri alimlərlə bu mövzuda müzakirələr apardılar. Şəki şəhərində keçirilən seminar bir daha göstərdi ki, mədəniyyət siyasətinin yerlərdə həyata keçirilməsi üçün ilk addım kimi mədəniyyət müəssisələrinin işinin müasir səviyyədə qurulması, mədəniyyət sahəsi işçilərinin daha təşəbbüskar olması və yenilikləri tətbiq etmək bacarığına yiyələnməsi vacibdir.
   
   İntiqam Hacılı