“Mədəniyyət mövzusunda ən yaxşı jurnalist işi” müsabiqəsinin qalibləri və Mədəniyyət və Turizm Nazirliyi ilə fəal əməkdaşlıq edən jurnalistlər mükafatlandırıldı
      
   İyulun 9-da M.F.Axundov adına Milli Kitabxanada Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan mətbuatının 135 illik yubileyinə və “Mədəniyyət” qəzeti redaksiyasının jurnalistlər arasında keçirdiyi müsabiqənin yekunlarına həsr olunmuş tədbir keçirildi.
   
   Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycan mətbuatının tarixi inkişaf yolundan danışdı. Ötən dövr ərzində milli mətbuatın çətin və şərəfli inkişaf yolu keçdiyini deyən nazir Azərbaycanın ilk mətbu orqanı olan “Əkinçi”nin maarifçilik ideyalarının təbliğində əvəzsiz xidmətləri olduğunu vurğuladı. Sovet hakimiyyəti illəri və müstəqillik dövrünün Azərbaycan mətbuatından danışan Ə. Qarayev bildirdi ki, bu dövrlərdə ölkəmizdə milli-mənəvi dəyərləri, təhsil və maarifçilik ideyalarını, müstəqillik, milli dövlətçilik məfkurəsini təbliğ edən istedadlı jurnalistlər fəaliyyət göstərib və bu gün də fəaliyyət göstərməkdədir.
   Mətbuatın mədəni inkişafın tərkib hissəsi olduğunu vurğulayan nazir ümummilli lider Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrlərdə mətbuatın inkişafına xüsusi qayğı göstərildiyini, bu gün də həmin siyasətin davam etdiyini vurğuladı.
   Mədəniyyət sahəsindən yazan jurnalistlərin əməyini yüksək qiymətləndirən nazir mətbuatı rəhbərlik etdiyi quruma dost hesab etdiyini xüsusi qeyd etdi: «Mətbuat hər bir ictimai qurumun, dövlət təşkilatının dostu olmalıdır. Dost tərəfindən edilən tənqid də daha tez qəbul edilir. Təqdirəlayiq haldır ki, son dövrlər mədəniyyət sahəsi ilə bağlı yazılarda keyfiyyət məsələsinə önəm verilir. Biz istərdik araşdırma, təhlil aparılmaqla hazırlanan yazılar çox olsun. Jurnalist yaradıcılığında ədalətli baxış, qarşılıqlı hörmət və dövlət siyasətinin təbliği nəzərə alınarsa, yazılar da oxucu üçün obyektiv və maraqlı olar. Peşəkar tənqidə, peşəkar yazılara isə həmişə ehtiyac duyulur”.
   Nazir Ə. Qarayev “Mədəniyyət” qəzeti redaksiyasının keçirdiyi müsabiqəyə jurnalistlərin böyük maraq göstərdiyini bildirdi, maraqlı və dəyərli yazılar təqdim etdiyinə görə müsabiqədə iştirak edən bütün jurnalistləri təbrik etdi. Hər bir qələm sahibi ilə, xüsusilə mədəniyyət və turizm sahəsindən yazan, teleradio verilişləri hazırlayan jurnalistlərlə daima əməkdaşlığa hazır olduğunu deyən nazir bütün kütləvi informasiya vasitələri təmsilçilərini Azərbaycan milli mətbuatının yaranmasının 135 illik yubileyi münasibətilə təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzuladı. “Sizləri əmin edirəm ki, Mədəniyyət və Turizm Nazirliyi bundan sonra da mətbuatla sıx əməkdaşlığı davam etdirəcək. İnanırıq ki, bizim dostlarımız - mətbuat orqanlarının nümayəndələri yenilikləri daim diqqətdə saxlayacaq və biz bundan sonra da Azərbaycan mədəniyyətini, turizmin inkişafını lazımınca təbliğ edə biləcəyik”.
   Tədbirdə çıxış edən “Ədalət” qəzetinin təsisçisi, millət vəkili Aqil Abbas Azərbaycan mətbuatının keçdiyi inkişaf yoluna qısa nəzər saldı. Mədəniyyət və Turizm Nazirliyinin mətbuatın üzünə daim açıq olduğunu vurğulayan millət vəkili bunu yüksək qiymətləndirdi, bölgələrdə mədəniyyət sahəsində aparılan quruculuq tədbirlərindən danışdı. Maarifçilik ideyalarının, mədəniyyət siyasətinin təbliğində jurnalistlərin əməyini yüksək dəyərləndirən A.Abbas qarşıdan gələn bayram munasibətilə mətbuat işçilərini təbrik etdi, onlara xoş arzularını çatdırdı.
   «Mədəniyyət mövzusunda ən yaxşı jurnailst işi» müsabiqəsinin münsiflər heyətinin üzvü, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid da tədbir təşkilatçılarına minnətdarlığını bildirərək öncə həmkarlarını təbrik etdi, jurnalist əməyinin əhəmiyyətindən danışdı: “Jurnalist əməyi ağır və lazımlı, cəmiyyətin inkişafı üçün çox gərəkli bir əməkdir. Mən mədəniyyət mövzusunda yazıların qəzetlərin daha ön səhifələrində yer almasını arzulayıram. Mədəniyyət hər bir cəmiyyətin əsas atributlarındandır, onun varlığını və mahiyyətini göstərən amillərdən biridir. Buna görə də bu sahənin mətbuatda ön sıralarda olması lazımdır. Jurnalistlər isə yazdıqlarının ciddiliyini düşünməlidirlər”.
   Münsiflər heyətinin digər üzvü, Beynəlxalq “Avrasiya” Mətbuat Fondunun rəhbəri, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının sədri, Mətbuat Şurasının sədr müavini Umud Rəhimoğlu Azərbaycan milli mətbuatının 135 illik yubileyi münasibətilə ölkə prezidentinin imzaladığı sərəncama uyğun olaraq bütün regionlarda tədbirlər keçirildiyini dedi. O, Mədəniyyət və Turizm Nazirliyinin mətbuatla yaxından əməkdaşlığını yüksək qiymətləndirdi, jurnalistləri təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzuladı.
   Daha sonra “Mədəniyyət” qəzeti redaksiyası tərəfindən bu ilin mart-iyun aylarında keçirilmiş “Mədəniyyət mövzusunda ən yaxşı jurnalist işi” müsabiqəsinin nəticələri elan olundu. Qeyd edək ki, müsabiqəyə iki nominasiya üzrə (qəzet-jurnal yazıları və teleradio verilişləri) üzrə 60-dək material təqdim olunub.
   Münsiflər heyətinin qərarına əsasən, “Mədəniyyət mövzusunda ən yaxşı qəzet və jurnal yazısı”na görə “Azərbaycan” qəzetinin əməkdaşı Flora Xəlilzadə I, “AzərTAc”-ın əməkdaşı Abdulla Suvar II (“525-ci qəzet”), “Ədalət” qəzetinin əməkdaşı Etibar Cəbrayıloğlu III yerə layiq görülüb. Müjkan Məmmədzadə («Mədəniyyət» qəzeti) və Loğman Məmmədzadə («Zaman-Azərbaycan» qəzeti) həvəsləndirici mükafatlarla təltif olunub.
   “Mədəniyyət mövzusunda ən yaxşı teleradio verilişi” nominasiyasında I yerə Azərbaycan Televiziyasının “Xəbərlər” redaksiyasının əməkdaşı Vüsalə Quliyeva, II və III yerlərə “ANS” televiziyasının “Salam, Azərbaycan!” və “Space” televiziyasının “Mədəniyyət saatı” verilişləri layiq görülüblər.
   Mədəniyyət və turizm Əbülfəs Qarayev diplom və pul mükafatlarını qaliblərə təqdim etdi.
   Sonra Azərbaycan mətbuatının 135 illik yubileyi ilə əlaqədar bir qrup jurnalist Mədəniyyət və Turizm Nazirliyi ilə fəal əməkdaşlığa görə fəxri fərman və pul mükafatları ilə təltif olundular. Təltif olunan həmkarlarımız: “Pəncərə” jurnalının baş redaktoru Günel Rzayeva, “Mədəniyyət” kataloqunun baş redaktoru Leyla Əfəndiyeva, “Mədəni-maarif” jurnalının baş redaktoru Yaşar Vəliyev, “Azər TAc” informasiya agentliyinin şöbə müdiri Ağaqulu Niftəliyev, Lent.az xəbər portalının əməkdaşı Xəyalə Muradlı, “Zerkalo” qəzetinin əməkdaşı Liya Bayramova, APA informasiya agentliyinin əməkdaşı Ülkər Qasımova, “Trend” informasiya agentliyinin əməkdaşı Eldar Hüseynzadə, “Kaspiy” qəzetinin əməkdaşı Lalə Bağırzadə, “525-ci qəzet”in əməkdaşı Hüsniyyə Mursaquliyeva, “İTAR-TASS” informasiya agentliyinin əməkdaşı Sevinc Abdullayeva, “Kaspi” qəzetinin əməkdaşı Təranə Məhərrəmova, “Azərbaycan Review” jurnalının baş redaktoru Larisa Cavanşir, “Exo” qəzetinin əməkdaşı Dilbər Axundzadə.
   Biz də «Mədəniyyət» qəzeti olaraq bütün təltif olunan həmkarlarımızı təbrik edir, onlara gələcək fəaliyyətlərində uğurlar və cansağlığı arzulayırıq .
   
   Ceyhun Zərbəliyev