Avqustun 31-də Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində millət vəkili Həvva Məmmədovanın müəllifliyi ilə çəkilmiş “Dağlıq Qarabağ: Həqiqətlər, yalanlar...” adlı filmin təqdimat mərasimi keçirilib.
   
   Bu ekran əsərinin çəkilməsində məqsəd ermənilərin xalqımıza qarşı zaman-zaman həyata keçirdiyi soyqırımı siyasəti barədə həqiqətləri, Azərbaycanın haqq səsini dünya ictimaiyyətinə çatdırmaqdır. Filmdə xain qonşularımızın uzun illər boyu azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımının tarixi xronologiyası təqdim edilib, Dağlıq Qarabağın işğalı zamanı törədilən vəhşiliklər barədə məlumat verilib.
   Sənədli filmdə ilk dəfə olaraq ABŞ, Türkiyə, Rusiya, Gürcüstan, Qazaxıstan, Fransa və digər ölkələrin tarixçiləri, alimləri, ekspertləri Dağlıq Qarabağ və Azərbaycan ilə bağlı öz fikirlərini səsləndiriblər. “Dünya ictimaiyyəti bilməlidir ki, erməni sindromu mövcuddur və ona qarşı ciddi mübarizə aparılmalıdır” - bu fikir filmin leytmotivini təşkil edir.
   Mərasimdə iştirak edən Milli Məclisin deputatları, siyasət və elm xadimləri bildirmişlər ki, ermənilərin zaman-zaman azərbaycanlılara qarşı törətdikləri terror aktlarından bəhs edən film Ermənistanın işğalçılıq siyasətinin mahiyyəti, Dağlıq Qarabağ münaqişəsinin yaranma səbəbləri barədə tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması baxımından əhəmiyyətli hadisədir. Vurğulanıb ki, erməni vəhşiliklərindən bəhs edən filmlərin və kitabların sayının çoxluğu Ermənistanla informasiya müharibəsində qalib gəlməyimizə kömək edir.
   Mərasimdə çıxış edən millət vəkili H.Məmmədova filmin ingilis dilinə tərcümə edildiyini və digər dillərə də tərcümə olunacağını deyib.
   Təqdimat mərasimində təklif olunub ki, “Dağlıq Qarabağ: həqiqətlər, yalanlar...” sənədli filmi Azərbaycanın xarici ölkələrdəki səfirlikləri vasitəsilə Azərbaycan diasporuna çatdırılsın.