Beynəlxalq konfransda azərbaycanlı alimin məruzəsi maraqla qarşılanıb
   
   Qazaxıstanın Aktau şəhərində “Xəzər və Aral regionlarının tarixi-mədəni irsi” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.
   
   Azərbaycan, Qazaxıstan, ABŞ, Özbəkistan və digər ölkələrin alim və mütəxəssislərinin iştirak etdikləri beynəlxalq tədbirdə Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun nəşrlər və elmi əlaqələr sektorunun müdiri, tarix elmləri namizədi Səfər Aşurovun “Azərbaycanın erkən bürünc dövrü yeni arxeoloji tədqiqatlarda” mövzusunda məruzəsi maraqla qarşılanıb.
   Tədbir iştirakçıları Manğıstau Tarix Muzeyində, Şopanata, Beket Ata ziyarətgahlarında olmuş, abidələrin bərpası və qorunması problemləri üzrə diskussiya aparmışlar.
   Konfransın sonunda Aktau şəhərində Xəzər-Aral regionunun tarixi-mədəni irsi üzrə beynəlxalq subregional Elmi-Tədqiqat Mərkəzinin yaradılması təklif olunub. Bu məqsədlə yaradılmış altı nəfərdən ibarət təşəbbüs qrupunun tərkibinə azərbaycanlı alim S.Aşurov da daxil edilib.