Rusiyalı muzey mütəxəssisləri ekspozisiyaya material toplamaq üçün Azərbaycanın rayonlarına səfər ediblər
   
   Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyi Sankt-Peterburqda yerləşən Rusiya Etnoqrafiya Muzeyində Azərbaycan ekspozisiyalarından ibarət daimi fəaliyyət göstərən sərginin təşkili ilə bağlı layihə həyata keçirir.
   
   Sərginin daha geniş təqdim edilməsi, müvafiq materialların əldə edilməsi və Sankt-Peterburqa aparılması məqsədilə muzeyin elmi əməkdaşları Y.Qulyayeva və İ.Karpuşinanın Bakıya və Azərbaycanın regionlarına səfərləri təşkil olunub.
   Muzey əməkdaşlarının səfəri zamanı Azərbaycanın mədəniyyətini və tarixini əks etdirən fotolar, sənədlər, eksponatlar toplanacaq və Rusiya Etnoqrafiya Muzeyində yaradılacaq “Qafqaz xalqları. XIX əsrin sonu - XX əsrin əvvəli” adlı daimi sərgidə nümayiş olunacaq.
   Avqustun 30-31-də rusiyalı muzey mütəxəssisləri Salyan rayonunda olublar. Mədəniyyət və turizm şöbəsinin müdiri Elçin Hüseynov qonaqları rayonun tarixi, mədəni irsinə dair eksponatlarla tanış edib. Qonaqlar Salyanın “Cəngi” ansamblının ifasında qədim el havalarını dinləyərək videolentə köçürüblər. Ansamblın bədii rəhbəri Musa Kərimov öz emalatxanasında düzəltdiyi qara zurna, balabanla qonaqları tanış edib. Rusiyalı muzey mütəxəssisləri tarix-diyarşünaslıq muzeyində qədim tariximizi əks etdirən eksponatlarla tanış olublar.
   
   Lətif Zərbəliyev,
    Salyan rayonu