Sentyabrın 16-da “Azərbaycan Respublikası Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyinin təşkilatçılığı ilə dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 125 illik yubileyinə həsr olunmuş tədbir keçirildi.
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının qarşısında təşkil olunan tədbirdə çıxış edən İctimai Birliyin sədri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov böyük bəstəkarın Azərbaycan və dünya musiqisinə böyük töhfələr verdiyini vurğuladı, onun ölməz sənəti ilə Azərbaycan mədəniyyətinin təbliğindəki xidmətlərindən danışdı. Ü.Hacıbəylinin doğulduğu torpağın bu gün işğal altında olduğunu xatırladan B. Səfərov gələcəkdə belə anım tədbirinin Şuşa şəhərində qeyd olunacağına əminliyini bildirdi. Sonra bəstəkarın abidəsi önünə gül dəstələri qoyuldu.
Bakı Musiqi Akademiyasında təşkil olunan konsertə bəstəkarın “Arazbarı” əsərinin ifası ilə başlanıldı. Şuşa rayon Mədəniyyət və Turizm Şöbəsinin nəzdində fəaliyyət göstərən “Con Tempo” solistlər ansamblının ifasında Üzeyir Hacıbəylinin və gənc şuşalı bəstəkarların əsərləri yenidən işlənmiş şəkildə təqdim olundu. Konsertin bədii rəhbəri Nizami Zeynalov, dirijoru isə Əməkdar incəsənət xadimi Fəxrəddin Kərimov idi.