Ankaranın Etimesqut bələdiyyəsinin keçirdiyi 7-ci Beynəlxalq Anadolu mədəniyyət və incəsənət festivalı çərçivəsində Azərbaycan gecəsi keçirilib. Festivalın keçirildiyi meydanda ölkəmizin Türkiyədəki səfirliyi tərəfindən təşkil edilmiş Azərbaycan guşəsi Ankara sakinlərinin və qonaqların böyük marağına səbəb olub. Burada milli geyimlərimizin nümunələri, qədim çalğı alətlərimizlə tanış olan festival iştirakçılarına Azərbaycanın və Türkiyənin dövlət bayraqları paylanıb.
   Sonra səhnəyə qalxan müğənni Cavid Təbrizli Azərbaycan xalq mahnılarını ifa edib. Onun ifası zamanı Türkiyə Böyük Millət Məclisinin deputatları, Azərbaycanın qardaş ölkədəki səfirliyinin əməkdaşları və Ankara sakinləri iki ölkənin dövlət bayraqlarını dalğalandırıblar.
   Konsertdən sonra çıxış edən ölkəmizin Türkiyədəki səfiri Faiq Bağırov “Bir millət, iki dövlət” olan Türkiyə və Azərbaycan arasında qardaşlıq əlaqələrinin bundan sonra da möhkəmlənəcəyinə inamını ifadə edib.