Gürcüstan Milli Elmlər Akademiyasında “Min bir Azərbaycan bayatısı” kitabının təqdimat mərasimi keçirilib. Azərbaycan və gürcü dillərində yenicə çapdan çıxmış kitaba “Ön söz”ü Azərbaycanın Gürcüstandakı səfiri Namiq Əliyev yazıb. Nəşrin tərtibçisi və tərcüməçisi şair-tərcüməçi Zezva Medulaşvili, redaktoru Rafiq Hümbətdir.
Tədbiri Gürcüstan Elmlər Akademiyasının prezidenti Tamaz Qamkrelidze açaraq nəşrin təşkilatçılarına təşəkkürünü bildirib.
Səfir Namiq Əliyev mərasim iştirakçılarının diqqətini Azərbaycan-Gürcüstan münasibətlərinin yüksək səviyyədə inkişafına yönəldib. O, bütün sahələrdə olduğu kimi, ədəbiyyat və mədəniyyət sahələrində də əlaqələrin getdikcə genişləndiyini vurğulayıb, bu kitabın onun nümunəsi olduğunu bildirib.
Azərbaycan Yazıçılar Birliyi Gürcüstan bölməsinin, azərbaycanlıların Tbilisidəki “Varlıq” mədəniyyət mərkəzinin rəhbəri Rafiq Hümbət, şair-tərcüməçi Zezva Medulaşvili bayatıların gürcü dilində nəşrinin gürcü oxucularının qədim Azərbaycan folklor nümunələri, milli adət-ənənələri ilə tanış olmasına xidmət göstərəcəyini söyləyiblər.