Oktyabrın 6-da Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunda dahi bəstəkar, görkəmli yazıçı-publisist, akademik Üzeyir Hacıbəylinin anadan olmasının 125 illiyinə həsr edilmiş elmi sessiya keçirilib. İnstitutun direktoru, akademik Bəkir Nəbiyev Üzeyir Hacıbəylinin çoxşaxəli yaradıcılığından, onun zəngin irsinin sovet dövründə tədqiq və nəşr olunması vəziyyətindən danışıb. Azərbaycan müstəqillik qazandıqdan sonra ölkəmizdə dahi sənətkarın xatirəsinə yüksək hörmət və ehtiram göstərildiyini deyən akademik Bəkir Nəbiyev bildirib ki, 1995-ci ildə ümummilli lider Heydər Əliyevin Fərmanı ilə bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində onun doğulduğu günün - 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərara alınıb. Natiq bildirib ki, ulu öndərin dövlətçilik kursunu uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin 2010-cu il 23 fevral tarixli sərəncamına əsasən, müasir musiqi sənətimizin banisi, dahi bəstəkar, görkəmli musiqişünas alim, yazıçı-publisist, pedaqoq və ictimai xadim Üzeyir Hacıbəylinin 125 illik yubileyi ölkəmizdə geniş şəkildə qeyd olunur.
   Elmi sessiyanın yubiley tədbirləri çərçivəsində keçirildiyini vurğulayan natiq Üzeyir Hacıbəylinin yazıçı-publisist, dramaturq kimi Azərbaycan ədəbiyyatının inkişafında xidmətlərindən, nəsrimizə gətirdiyi yeniliklərdən danışıb.
   Sonra professor Şamil Vəliyevin “Üzeyir Hacıbəylinin bədii-publisistik irsi və müasirlik” mövzusunda məruzəsi dinlənilib. Məruzədə sənətkarın sövet dövründə nəşr olunmuş ədəbi nümunələrinin tərtibatında qüsurlara yol verilməsindən, bəzi əsərlərinin ixtisar edilməsindən, bəzilərinin isə tamamilə nəşrdən kənarlaşdırılmasından danışılıb. BDU-nun professoru Şirməmməd Hüseynovun yaxın vaxtlarda çap olunmuş kitabında Üzeyir Hacıbəylinin əsərlərinin orijinal variantda əksini tapdığı vurğulanıb.
   Elmi sessiyada çıxış edən professorlar Məhərrəm Qasımlı, Alxan Məmmədov, Nazif Qəhrəmanlı, filologiya elmləri doktoru Zaman Əsgərli və başqaları Üzeyir Hacıbəylinin zəngin irsinin institut əməkdaşları tərəfindən bundan sonra da səylə araşdırılmasının vacibliyindən danışıblar.