Forum çərçivəsində ilk dəfə olaraq MDB Ölkələri Turizm Şurası və Konservatoriya Rektorları Şurasının iclasları da gerçəkləşəcək
   
   Oktyabrın 14-15-də Moskvada MDB ölkələrinin yaradıcı və elmi ziyalılarının V Forumu keçiriləcək. MDB İcraiyyə Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, 2010-cu ilin MDB-də Elm və İnnovasiyalar İli elan edilməsi ilə əlaqədar, Forumun əsas mövzusu “İnnovasiya tərəfdaşlığı və humanitar potensialların birləşdirilməsi - Birlik ölkələrinin dinamik inkişafının əsasıdır” mövzusu olacaq.
   
   Forumun işi iki plenar iclas və yeddi profil seksiya formatında aparılacaq. Seksiyalar təhsil, gənclərin akademik və əmək mobilliyi, elm, texnologiyalar və innovasiyalar, gənc nəslin dəstəklənməsi, tarixi-mədəni irs və müasir incəsənət, KİV və digər problemlərə həsr ediləcək.
   Bundan əlavə, “Bugünün uşaqları: çağırışlar və imkanlar”, “Psixologiya elmi cəmiyyətə xidmət edir”, “İdman, sağlam həyat tərzi, gənclərin ekoloji təhsili və tərbiyəsi”, “Birliyin ümumi innovasiya məkanının formalaşması”, “Mədəni və elmi irsin qorunub saxlanması və öyrənilməsi problemləri”, “MDB dövlətlərinin çoxdilliliyi dəstəkləmək siyasəti” mövzularında “dəyirmi masa”lar və diskussiyalar keçirilməsi planlaşdırılır.
   Forum çərçivəsində ilk dəfə olaraq MDB Ölkələrinin Turizm Şurasının və Konservatoriya Rektorları Şurasının iclasları keçiriləcək. Həmçinin Birlik üzvü olan ölkələrin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun (DHƏF) mətbuat klubunun və MDB Açıq Şəbəkə Universitetinin təqdimat mərasimi olacaq, gənclərin innovasiya layihələrinin, gənc heykəltəraşların işlərinin sərgiləri və “Birlik ölkələrinin beynəlxalq xatirə növbəsi” sərgisi açılacaq.
   Forum ərəfəsində - oktyabrın 13-də Birlik Ölkələrinin Humanitar Əməkdaşlıq Şurasının və DHƏF İdarə Heyətinin birgə iclası keçiriləcək. İclasda “MDB-nin mədəni paytaxtları” layihəsini, Şuranın 2011-2012-ci illər üçün Tədbirlər Planını, 2011-2012-ci illər üçün “Debütlər Birliyi” mükafatını və digər məsələləri müzakirə etmək nəzərdə tutulur.
   Yaradıcı və elmi ziyalıların Forumu kimi genişmiqyaslı ilk layihə 2006-cı ildə həyata keçirilib. O vaxtdan hər il keçirilən bu forumlar MDB məkanında ən genişmiqyaslı humanitar tədbirə çevrilib. 2007-ci ildən bu forumlar MDB Ölkələrinin Dövlətlərarası Humanitar Əməkdaşlıq Şurasının və MDB Ölkələrinin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun dəstəyi ilə keçirilir.