Sərgidə 70-dən çox müəllifin 300-dək əl işi nümayiş olunub
      
   Oktyabrın 15-də Muzey Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin təşkilatçılığı ilə həvəskar rəssam və xalq tətbiqi sənət ustalarının əsərlərindən ibarət Respublika sərgisinin açılış mərasimi keçirildi.
   
   Tədbiri giriş sözü ilə açan mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva həvəskar rəssamların və xalq tətbiqi sənət ustalarının respublika sərgisinin ilk dəfə 2008-ci ildə keçirildiyini xatırlatdı. Nazir müavini incəsənətin müxtəlif növləri ilə yanaşı, qədim xalq tətbiqi sənəti növlərinin qorunması və yaşadılması üçün bir sıra tədbirlərin həyata keçirildiyini bildirdi.
   S.Məmmədəliyeva çıxışında onu da vurğuladı ki, xalq yaradıcılığı ənənələrinin qorunması və təbliği istiqamətində atılan addımlar bundan sonra da davam etdiriləcək. Qeyd etdi ki, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bölgələrdə mədəniyyət mərkəzlərinin yaradılması nəzərdə tutulur. Nazir müavini xalq yaradıcılığı sənətinə hər zaman xüsusi diqqət ayrılmasının vacibliyini bildirdi.
   
   Xalçaçılıq sənəti dünyanın qeyri-maddi irs siyahısına daxil edilə bilər
   
   Azərbaycan xalçalarını xalq yaradıcılığının şah əsəri kimi dəyərləndirən nazir müavininin sözlərinə görə, Azərbaycanın xalçaçılıq sənəti dünyanın qeyri-maddi irs siyahısına daxil edilə bilər. S.Məmmədəliyeva bildirdi ki, bu məsələ noyabr ayında UNESCO-nun baş konfransında müzakirə olunacaq: “Biz gözləyirik ki, Azərbaycan xalçaçılıq sənəti dünya qeyri-maddi irs siyahısına daxil edilsin. Artıq bu istiqamətdə bir çox mərhələ arxada qalıb. Digər milli sənət növlərinin dünya irs siyahısına daxil edilməsi istiqamətində də işlər davam etdirilir”.
   
   Ən layiqli əsərlər Moskvada nümayiş olunacaq
   
   Respublika sərgisində iştirak etməyə maraq böyük olub. 5 regionda keçirilmiş sərgi-seminarda müxtəlif janrlarda işləyən 350-ə yaxın sənətkar iştirak edib ki, onların da təxminən 2 min əsəri nümayiş olunub. Bu barədə məlumat verən Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin İncəsənət bilikləri şöbəsinin müdiri Rafiq Quliyev regional sərgilərdən respublika sərgisində nümayiş etdirilmək üçün 70-dən çox müəllifin 300-ə yaxın əl işinin seçildiyini dedi. Onun sözlərinə görə, sərgidə rəngkarlıq və qrafika əsərləri ilə yanaşı heykəltəraşlıq, xalçaçılıq, zərgərlik, nəqqaşlıq, dulusçuluq, bədii tikmə və digər tətbiqi sənət nümunələrinə geniş yer ayrılıb:
   “Tətbiqi və təsviri sənət həvəskarlarının yaratdıqları əsərlər onların müəlliflərinin xalqımıza, elimizə olan məhəbbətlərinin bariz nümunəsidir”.
   R.Quliyev qeyd etdi ki, sərgidən sonra ən layiqli əsərlərin 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində Moskvada keçiriləcək sərgidə nümayiş etdirilməsi nəzərdə tutulur.
   
   İştirakçılar qiymətləndirmədən razı qaldılar
   
   Tədbirdə beş nominasiya üzrə keçirilən sərgi-müsabiqənin qaliblərinin adları açıqlandı. Görkəmli incəsənət ustalarından ibarət münsiflər heyətinin qərarına əsasən, müəyyənləşən qaliblərə 1-ci, 2-ci və 3-cü dərəcəli diplomlar, pul mükafatları verildi. Rəngkarlıq üzrə Sürəyya Muğanlı, Raul Sadıqov, Aysel Əmirova, heykəltəraşlıq üzrə Nəriman Tağıyev, Elman Ədalət, Sabir Məmmədov, dekorativ tətbiqi sənət üzrə Tofiq Rəsulov, Sevil Mahmudova, xalçaçılıq üzrə Fatimə Ağamirzəyeva, Həmidə İbrahimova ilk yerlərə layiq görüldülər. Bəzi iştirakçılara isə həvəsləndirici mükafat və diplomlar təqdim olundu.
   Tədbirdə 1-3-cü yerləri qazanmış 15 nəfərə diplom və pul mükafatı, 5 nəfərə həvəsləndirici diplom və qiymətli hədiyyə, 30 nəfərə isə fəxri fərman verildi.
   Dekorativ tətbiqi sənət növü üzrə 1-ci yerə layiq görülmüş Sevil Mahmudova xalça mozaikası ilə məşğul olur. Əslən Naxçıvanın Kəngərli rayonunun Şahtaxtı kəndindəndir. Parçadan istifadə etməklə hazırladığı əl işlərinin bir neçəsini sərgiyə təqdim edərək qalib olan iştirakçı qiymətləndirmədən razı qaldığını deyir: “Bu cür tədbirlərin təşkili xalq yaradıcılığı ilə məşğul olan insanlarda daha böyük həvəs yaradır. İnsanın əməyi qiymətləndiriləndə onun da qurub-yaratmağa həvəsi artır”.
   Sumqayıtda yaşayan Aybəniz Nəsirova sərgiyə 3 əsər təqdim edib. Həvəsləndirici mükafata layiq görülüb. Qədim xalq sənəti növü olan təkəlduzla məşğul olur. Əsərləri İsveçrədə qızıl medala layiq görülüb.
   Sərginin ən yaşlı iştirakçısı Zərifə Seyidəliyeva bədii tikmə ilə məşğul olur. 80 yaşı var. Təqdim etdiyi əsərlərə görə 3-cü yerə layiq görülüb. 15 dəfə fərdi sərgisi təşkil olunub: “13 yaşından tikmə ilə məşğulam. Bu sərgiyə muncuqlu, qurama və digər növlərdə bədii tikmələr təqdim etmişəm. Anam incəsənəti çox sevirdi və istəyirdi bu sənət yaşasın. Ona görə də mənə bu sənəti öyrətdi. İndiyədək 31 xarici ölkədə 200-dən çox əsərim alınıb. 100-dən çox əsərim şəxsi kolleksiyalarda saxlanılır”.
   
   Ceyhun