Bəhram Bağırzadənin paytaxtımıza həsr olunmuş fotosərgisi və “Arzularımın şəhəri” kitabı təqdim olundu
   
   Oktyabrın 16-da Səttar Bəhlulzadə adına Mərkəzi Sərgi Salonunda məşhur sənətçi, Şən və Hazırcavablar Klubunun sevilən aktyorlarından olan Bəhram Bağırzadənin hazırladığı “Bakı: “Qorod-Doroq” adlı fotosərgi keçirildi. Sərgidə B.Bağırzadənin “Arzularımın şəhəri” adlanan kitabı da təqdim edildi.
   
   Tədbirdə iştirak edən qonaqlar ilk olaraq salonda təşkil edilmiş fotosərgi ilə tanış oldular. Fotolar Bakının 1862-ci ildən başlayaraq 1980-ci illərin sonuna qədər olan dövrünü əhatə edir. Bu illər ərzində Bakının keçdiyi yol, onun necə inkişaf etdiyi və dəyişildiyi fotoşəkillərdə əksini tapıb. Bu sırada ötən əsrin 60-80-ci illərin Bakısını əks etdirən fotolar tamaşaçıların xüsusilə diqqətini cəlb edirdi. Çünki sərgiyə təşrif buyuranların əksəriyyəti həmin illərdə yaşayıb yaradan ziyalılar idi. Hətta rejissor Vasif Babayev fotoların birində öz yaşadığı evi də tapdı. İştirakçılar nostalji hisslərlə köhnə Bakını seyr edərkən gənc “Qaya” qrupu həmin illərdə yazılmış mahnıları ifa edirdi.
   “Bakı: “Qorod-Doroq” fotosərgisinin iştirakçıları B.Bağırzadənin “Arzularımın şəhəri” kitabı ilə də tanış oldular. Kitab köhnə Bakıdan və bakılılardan bəhs edir. “Arzularımın şəhəri” kitabı ixtisasca memar olan müəllifin ilk kitabıdır. Kitabda Bakının ağ-qara şəkilləri, həmçinin məşhur ziyalılar - Xəyyam Mirzəzadə, Çingiz Abdullayev, Oqtay Zülfüqarov, Nadejda İsmayılova və digərlərinin Bakı haqqında xatirələri yer alıb.
   Tədbirin ikinci hissəsində “Arzularımın şəhəri” kitabı haqqında danışıldı.
   Çıxış edən yazıçı, kinodramaturq Natiq Rəsulzadə bildirdi ki, bu cür kitabı yazana yalnız təşəkkür düşür: “Mən kitabı vərəqləyərkən yeni Bakının tarixi gözümün qarşısında canlandı. Biz özümüz də köhnə Bakının insanlarıyıq. İstər sərgidəki, istər kitabdakı fotolar təkcə bakılını deyil, hər bir azərbaycanlını fotoların çəkildiyi dövrə aparır. Hamı Bakının o dövrünü xatırlayır. Mən o dövrün Bakısını bəyənən bakılılardanam”.
   Bəstəkar Ruhəngiz Qasımova isə qeyd etdi ki, minlərlə insan bu kitabdan bəhrələnəcək: “Bu gün Bakını sevənlərin möhtəşəm bir günüdür. Bəhram Bağırzadə başda olmaqla sərgi və kitabı təşkil edənlərə minnətdarlığımı bildirirəm. Hamımızın içində olan Bakını bizə bəxş ediblər. Biz Bakının keçmişini qorumalı, gələcəyini qurmalıyıq”.
   Kinorejissor Cəmil Quliyev sərginin yüksək səviyyədə təşkil olunmasından danışdı. Bildirdi ki, sərgi Bakının simasının göstəricisidir: “Arxivlər daima yaşamalı və tamaşaçılarla ünsiyyət yaratmalıdır. Bu gün də həmin arxivlərdən ibarət sərgi keçirilir. “Arzularımın şəhəri” kitabı da Bakı haqqındadır. Mən inanıram ki, illər keçəcək, bu kitabın yeni nəşrləri olacaq. Gələcəkdə bir çox rəssamlar, tədqiqatçılar, kinorejissorlar bu kitabdan mənbə kimi istifadə edəcəklər. Bir sözlə, bugünkü sərgi və kitab Bakı şəhəri üçün önəmli bir hadisədir”.
   Rejissor Ramiz Həsənoğlu və rəssam Sakit Məmmədov da kitabı Bakı üçün böyük hədiyyə adlandırdılar.
   Sonda isə söz “Bakı: “Qorod-Doroq” foto sərgisinin və “Arzularımın şəhəri” kitabının müəllifi Bəhram Bağırzadəyə verildi. B.Bağırzadə vurğuladı ki, Bakıya aid kitab çoxdur, amma bu kitabda mən arzularımın şəhəri olan, daim arzuladığım Bakı haqqında yazmışam: “Bundan sonrakı istəyim budur ki, gələcəkdə bu kitabın ardını yazsınlar. Bakı yaşadıqca bu cür kitablar yazılsın və ardıcıl nəşr edilsin. Bakını onun sakinləri daim xatırlasın”.
   Sonda qonaqlara xatirə olaraq “Bakı: “Qorod-Doroq”-2010” döş nişanları hədiyyə edildi.
   
   İ.Hacılı