Oktyabrın 21-də İstanbuldakı “Grand Cəvahir” hotelində Türk Asiya Strateji Araşdırmalar Mərkəzinin (TASAM) təşkilatçılığı ilə “Türk Şurası, türk diasporu və sosial-iqtisadi əməkdaşlıq” mövzusunda Dünya Türk Forumu öz işinə başlayıb.
Forumda 60 ölkədən türk dünyası və diasporlarının nümayəndələri iştirak edirlər.
Forumun açılışında çıxış edən TASAM-ın sədri Süleyman Şənsoy bildirib ki, tədbirdə Çin, Orta Asiya, Rusiya Federasiyası, Qafqaz, Avropa və Amerikadakı türk dövlətləri, toplumları və diaspor təşkilatlarının problemləri, türk dünyasının əməkdaşlıq perspektivləri müzakirə olunacaq.
Türk Əməkdaşlıq Şurasının baş katibi Xəlil Akıncı türkdilli ölkələrin dövlət başçılarının sentyabrın 16-da İstanbulda keçirilmiş X Zirvə toplantısından sonra rəhbərlik etdiyi qurumun formalaşması prosesindən ətraflı bəhs edib.
TürkPA-nın baş katibi Ramil Həsənov 2008-ci ildə yaradılmış və baş katibliyi Bakıda yerləşən bu təşkilatın getdikcə güclənən və təkmilləşən fəaliyyətindən danışıb. Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov çıxışında ölkəmizdə diasporla iş sahəsində uğurlardan bəhs edib.
Forum bu gün işini davam etdirəcək. Forum çərçivəsində “Qlobal və regional problemlərin türk dünyasına təsiri”, “Türk dünyasında qeyri-hökumət təşkilatları və vətəndaş cəmiyyətinin təşəkkül tapması önündəki problemlər”, “Türk mədəniyyəti” və digər mövzularda seminarlar keçiriləcək.
Mehparə