Bu mövzuda növbəti seminar Göyçay rayonunda keçirildi
   
   2009-cu ilin dekabr ayından başlayaraq Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə rayonlarda “Milli mədəniyyət və müasir mədəniyyət siyasəti” mövzusunda seminarlar keçirilir. Nazirliyin Elm və təhsil şöbəsi tərəfindən həyata keçirilən layihə üzrə indiyədək Gəncə, Lənkəran, Şamaxı, Ağdaş, Şirvan, Mingəçevir, Zaqatala, Qusar və Şəki şəhərlərində tədbirlər gerçəkləşib. Şöbənin Elmi-metodiki sektorunun müdiri Asif Usubəliyevin rəhbərliyi ilə növbəti seminar oktyabrın 20-də Göyçay şəhərində keçirildi.
   
   Heydər Əliyev Mərkəzində reallaşan tədbirdə Milli Elmlər Akademiyası Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun baş elmi işçisi, fəlsəfə elmləri doktoru Mətləb Mahmudov, Mədəniyyət və İncəsənət Universitetinin dosenti Mübariz Süleymanlı, Bakı Dövlət Universitetinin professoru, sosiologiya elmləri doktoru Rafael Həsənov, rayonun mədəniyyət müəssisələrinin rəhbərləri və işçiləri iştirak edirdilər.
   
   “Yerlərdə mədəniyyət işçiləri təşəbbüskarlıq göstərməlidirlər”
   
   Seminarda çıxış edən nazirliyin sektor müdiri Asif Usubəliyev bildirdi ki, layihənin əsas məqsədlərindən biri mədəniyyət siyasəti məsələsində yerlərlə paytaxt arasında körpü yaratmaqdır: “Bizi narahat edən məsələlərdən biri də mədəniyyət sahəsində inkişafın bərabər səviyyədə getməməsidir. Paytaxtla regionların müqayisəsində bunun aydın seçilməsini müşahidə etmək çətin deyil”.
   Nazirlik rəsmisi qeyd etdi ki, bəzi mütəxəssislər problemin həlli yollarını bu sahəyə maliyyənin artırılmasında görürlər: “Maliyyənin ayrılması bu problemin aradan götürülməsi üçün kifayət deyil. Mədəniyyət müəssisələrində çalışanların peşəkarlıq səviyyəsi yeni tikiləcək böyük mədəniyyət müəssisələrini işlətməyə imkan vermir. Əgər ayrılacaq maliyyədən ünvanlı, səmərəli şəkildə istifadə ediləcəksə, o zaman bu sistemin büdcəsi artırıla bilər. Amma dediyim kimi, müəyyən etdiyimiz həmin problemlər bu işin qarşısında maneələr yaradır”.
   Sektor müdirinin sözlərinə görə, regionlarda mədəniyyət siyasətinin daha səmərəli aparılması üçün yerlərdə təşəbbüskarlığın göstərilməsi vacib məsələdir: “Yerlərdə mədəniyyət işçiləri konkret təkliflərlə çıxış etməli, təşəbbüskarlıq göstərməlidirlər”.
   Regionlarda mədəniyyət ocaqlarının təmir-bərpa olunduğunu, yeni mədəniyyət obyektlərinin tikildiyini deyən nazirlik rəsmisi, kadr təminatı məsələsində vəziyyətin heç də qənaətbəxş olmadığını da bildirdi.
   
   “Gənclərə alternativ zövqlər təklif etmək gərəkdir”
   
   Mədəniyyət və İncəsənət Universitetinin dosenti Mübariz Süleymanlı mədəni inteqrasiya prosesində ortaya çıxan problemlərdən danışdı: “Qloballaşmanın qarşısını almaq mümkün deyil. Belə məqamda milli mədəniyyətin qorunması ən böyük problemdir. Əslində, bu prosesdə milli mədəniyyət süzgəc rolunu oynayır. Yalnız bu süzgəc vasitəsilə ziyanlı tərəflərin qarşısını ala bilərik. Çox heyf ki, Avropanın özünün sahib durmadığı bəzi dəyərləri biz qəbul edirik. Mədəniyyət müəssisələrinin ən böyük sosial vəzifəsi yeni nəsli düzgün formalaşdırmaqdan ibarətdir. İstər musiqi məktəblərində, istər digər ocaqlarda... Bəzən musiqi məktəbində dərs demiş müəllimin 10 illik əziyyətini telekanallar bir verilişlə heçə endirir”.
   M.Süleymanlının sözlərinə görə, mədəni inteqrasiya prosesində qloballaşmanın doğurduğu fəsadları önləmək üçün ilk növbədə güclü informasiya siyasəti aparılmalıdır: “Hər şeydən vaxtında xəbər tutmalıyıq. Digər tərəfdən, böyük iqtisadi-siyasi maraq güdənlər də var. Bu baxımdan gənclərə alternativ zövqlər təklif etmək gərəkdir. Bu və ya digər ölkədə mədəni işğal həyata keçirmək istəyən qüvvələr öncə milli dəyərləri hədəf alırlar. Dünyanı idarə etmək üçün böyük güclər külli miqdarda pul xərcləyirlər. Çünki mənəviyyatsız cəmiyyəti idarə etmək çox asandır. Bütün bunlara qarşı alternativ ordu isə ziyalılardır”.
   
   Dünya ölkələrinin qabaqcıl təcrübəsindən necə yararlanmalı?
   
   BDU-nun professoru Rafael Həsənov isə qeyd etdi ki, mədəniyyət siyasəti mədəniyyətin inkişafında böyük rol oynayır: “Mədəniyyət siyasəti hüquqi təminata arxalanmalı və hadisələri qabaqlamağı bacarmalıdır. İnkişaf etmiş ölkələrdə mədəniyyət siyasətinə xalqın sosial vəziyyətinin və rifahının yüksəlməsi kimi baxılır. Çünki bu siyasətin əsas məqsədi insan həyatının qorunub saxlanması və yaxşılaşdırılmasına xidmət etməkdir”.
   R.Həsənov bildirdi ki, bu gün mədəniyyət siyasətinin inkişafını iki əsas tendensiya - mərkəzəqaçma və mərkəzdənqaçma tendensiyaları müəyyən edir: “Dünyanın qabaqcıl ölkələrinin mədəniyyət sahəsindəki nailiyyətlərinə diqqət yetirməliyik.
   Bu ölkələrin təcrübəsindən istifadə edərək və milli-mədəni xüsusiyyətlərimizi nəzərə alaraq, Azərbaycanda mədəniyyət siyasətini formalaşdırmaq çox əhəmiyyətlidir. Bizim üçün mədəniyyət siyasəti anlayışı digər qabaqcıl dövlətlərlə müqayisədə yenidir. İnsanlar getdikcə mədəniyyətin təkcə mənəvi deyil, həm də tərəqqi üçün çox önəmli olduğunu, onun beynəlxalq münasibətlərin qurulmasında, millətlərarası münaqişələrin önlənməsində, qlobal problemlərin həll edilməsində rolunu başa düşürlər”.
   
   “Milli-mənəvi dəyərləri qorumaq hər bir vətəndaşın borcudur”
   
   AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun baş elmi işçisi Mətləb Mahmudov isə bu layihənin əsas mahiyyətini diqqətə çatdırdı. Qeyd etdi ki, milli mədəniyyətin modernləşməsi labüddür və bunun da əsasında iqtisadi-siyasi vəziyyətin normallaşması durur: “Bu gün Azərbaycan öz sərhədlərini tam bərpa edə bilməyib. Bunun mədəniyyət, mənəviyyat sahəsinə də təsiri böyükdür. Milli-mənəvi dəyərləri qorumaq hər bir vətəndaşın borcudur. Hər bir vətəndaşımız milli-mənəvi dəyərləri qorumaqda əsgərə çevrilməlidir. Bununla biz mədəni işğala qarşı mübarizə apara bilərik. İkinci məsələ mədəniyyətin təbliğatı və yayılmasıdır”. Qloballaşmanın bütün sahələrdə özünü göstərdiyini deyən M.Mahmudov gənclərin mədəniyyət evləri, kitabxanalarla daha sıx əlaqədə olmasının vacibliyini qeyd etdi: “Təhsilin tədrisində bəzi qüsurlardan qaçmalıyıq. Yeni mexanizmlər tətbiq etməliyik. Biz yalnız dəyərlərimizlə özümüzü tanıtdırmalıyıq”.
   Qeyd edək ki, növbəti seminar noyabrın 4-də Sumqayıt şəhərində keçiriləcək.
   
   İntiqam Hacılı