Şəki şəhərindəki “Sənətkarlar evi”ndə Şəki samovarının 3700 illik tarixinə həsr olunmuş sərgi açılıb. Bu münasibətlə keçirilən mərasimi giriş sözü ilə şəhər mədəniyyət və turizm şöbəsinin müdiri Aydın İbrahimxəlilov açaraq, sərginin “Şəki - Azərbaycanın Sənətkarlıq Paytaxtı - 2010” tədbirləri çərçivəsində təşkil edildiyini diqqətə çatdırıb.
Şöbə müdiri qeyd edib ki, respublikamızda ilk dəfə olaraq keçirilən bu sərgidə Şəkinin muzeylərində saxlanılan qədim samovarlarla yanaşı, ölkənin şimal-qərb bölgəsinin( Zaqatala, Qax, Oğuz, Qəbələ) rayonlarının muzeylərində qorunaraq bu günə çatdırılan müxtəlif formalı samovarlar da nümayiş etdirilir.
Mərasimdə çıxış edən şəhər İcra Hakimiyyəti başçısının müavini Zərinə Cavadova “Xalq Yaradıcılığı Paytaxtları” Proqramı çərçivəsində həyata keçirilən belə tədbirlərin xalqımıza xas olan tarixi-mədəni irsi qoruyub saxlamaq və onu təbliğ etmək məqsədi daşıdığını vurğulayıb. Bildirib ki, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun bölgə üzrə əməkdaşları bir neçə il əvvəl Şəki rayonu ərazisində apardıqları arxeoloji tədqiqat işləri zamanı gildən hazırlanmış çox qədim tarixə malik samovar tapıblar. Mütəxəssislərin rəyinə görə, samovar eramızdan əvvəl II minilliyin sonu, I minilliyin əvvəlinə aiddir. Gildən hazırlanan bu samovar, eyni zamanda, qədim sənətkarlıq nümunəsidir. Hazırda bu eksponat muzeydə saxlanılır. Bu nadir tapıntı belə deməyə əsas verir ki, ulu əcdadlarımız, məişətdə işlədilən bir çox əşyalar kimi, belə samovarlar da hazırlamaq ustalığına malik olublar.
Mərasimdə Mədəniyyət və Turizm Nazirliyinin Regionlarla iş sektorunun aparıcı məsləhətçisi Oqtay Muxtarov çıxış edərək, “2010-2014-cü illər Xalq Yaradıcılığı Paytaxtları” Proqramı çərçivəsində həyata keçirilən tədbirlər barədə məlumat verib.
Sonra sərgiyə baxış olub. Burada nümayiş etdirilən 60-a yaxın qədim samovar nümunələri, habelə yerli sənətkarların müasir əl işləri sərgi iştirakçılarında böyük maraq doğurub.