Oktyabrın 22-də Muzey Mərkəzində “7-ci mərtəbə” adlı sərgi və eyni adlı kataloqun təqdimat mərasimi keçirildi.
Mərasimdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Rəssamlar İttifaqının Bakı şəhəri, İstiqlaliyyət küçəsi 31 ünvanında yerləşən binanın 7-ci mərtəbəsində yaradıcılıq fəaliyyəti ilə məşğul olan rəssamların Azərbaycan incəsənət xəzinəsinə öz layiqli töhfələrini verdiyini dedi: “Azərbaycan və dünya təsviri sənətinin ənənələrindən yaradıcı surətdə faydalanan bu rəssamlar şərti olaraq “7-ci mərtəbə rəssamları” adlandırılır. Bu rəssamlar bir çox beynəlxalq və respublika əhəmiyyətli sərgilərdə uğurla iştirak edərək milli mədəniyyətimizin təbliğinə xidmət göstərir. Səmərəli bədii yaradıcılıq fəaliyyətlərini, təsviri sənətin inkişafına göstərdikləri xidmətləri nəzərə alaraq, 7-ci mərtəbə rəssamlarının yaradıcılığının təbliği və əsərlərinin geniş tamaşaçı auditoriyasına təqdim edilməsi məqsədi ilə biz bu sərgini təşkil etmişik”.
“7-ci mərtəbə” sərgisinin sənətsevərlər üçün maraqlı olacağına əminliyini bildirən nazir Ə.Qarayev belə layihələrin bundan sonra da davam etdiriləcəyini bildirdi: “Biz daima çalışırıq ki, müxtəlif qrup rəssamların, incəsənət adamlarının əsərlərini müxtəlif layihələr çərçivəsində ortaya çıxaraq. Azərbaycan Rəssamlar İttifaqının müxtəlif yerlərdə emalatxanaları fəaliyyət göstərir. Bilirsiniz ki, rəssamlar əsərlərinin bir qismini öz emalatxanalarında saxlayırlar. Çoxlarının həmin əsərlərlə tanış olmaq imkanı yoxdur. Müxtəlif layihələr çərçivəsində ayrı-ayrı qalereyalarda müxtəlif rəssamların işlərini ictimaiyyətə təqdim etməyi düşünürük”.
Tədbirdə çıxış edən Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağaəli İbrahimov ölkədə incəsənətin inkişafına göstərilən qayğıdan danışdı, son dövrlər paytaxtda bir sıra maraqlı sərgilərin keçirildiyini dedi. Onun sözlərinə görə, “7-ci mərtəbə rəssamları”nın əsərlərindəki fərqli rənglər, obrazlar, hiss və duyğular Azərbaycan incəsənətinin ənənələrinin zənginliyindən, müasir rəssamlarımızın geniş dünyagörüşü, incə zövqü və məharətindən xəbər verir.
Mərasimdə çıxış edən sənətşünas, Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev budəfəki sərginin digərlərindən fərqləndiyini dedi: ”Adətən rəssamları müxtəlif maraqlar birləşdirir. Budəfəki tədbirin fərqi ondadır ki, bu dəfə rəssamları məkan birləşdirib. Keçirilən sərgilər, bugünkü sərgi Azərbaycan təsviri sənətinin bugünkü mənzərəsini görməyə imkan verir”.
Sonra sərgiyə baxış keçirildi. Sərgidə Namiq Məmmədov, Tofiq Qəzənfərov, Yavər Sultanov, Rüfət Salamov, Məmməd Mustafayev, Hüseyn Haqverdiyev, Anar Hüseynzadə, Emin Əsgərov, Nadir Bayrışov, Fikrət İbrahimli, Elxan Muradzadə, Aydın Tağıyev, Tarverdi Quliyev, Natiq Səfərov, Bəhram Xəlilovun əsərləri nümayiş etdirilir. Kataloqdakı əsərlərin fotoşəkillərinin çəkilişi, kataloqun dizaynı və tərtibatı Əməkdar rəssam, fotoqraf-dizayner Tahir Məmmədov tərəfindən aparılıb. Sərgi oktyabrın 28-dək davam edəcək.
Ceyhun