“Xalq Əmanəti” layihəsinin ilk buraxılışı görkəmli rəngkar, Xalq rəssamı Böyükağa Mirzəzadəyə həsr olunub. Oktyabrın 22-də “Xalq Bank” ASC-nin Baş Ofisinin rəsm qalereyasında Böyükağa Mirzəzadənin yaradıcılığına həsr olunmuş bədii albomun təqdimat mərasimi və rəssamın əsərlərindən ibarət sərginin açılışı keçirilib. Mərasimdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev deyib ki, “Xalq Bankı” tərəfindən xalqımızın mədəni irsinin qorunub gələcək nəsillərə ötürülməsi, bu dəyərlərin dünyaya tanıdılması məqsədilə "Xalq Əmanəti" layihəsi həyata keçirilir.
Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağaəli İbrahimov layihə çərçivəsində Azərbaycan mədəniyyətinin ən müxtəlif nümunələri, sənətkarların həyat və yaradıcılığı haqqında məlumatların, onların qiymətsiz əsərlərinin nəşr edilərək, sənətsevərlərin ixtiyarına veriləcəyini qeyd edib.
Sərgidə rəssamlar Arif Hüseynov və Oqtay Sadıqzadə Böyükağa Mirzəzadə yaradıcılığının ucalığından söz açıblar. Tədbirdə Böyükağa Mirzəzadənin tabloları da nümayiş etdirilib.