Muzey Mərkəzində keçirilən beynəlxalq təlim bu aktual mövzuya həsr olunub
      
   Oktyabrın 26-da Muzey Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə «Mədəniyyət və mədəni dəyərlərin təbliğində kütləvi informasiya vasitələrinin rolu» adlı beynəlxalq təlimin açılışı keçirildi.
   Açılış mərasimində çıxış edən mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva tədbir iştirakçılarına Azərbaycan mətbuatının tarixi, zəngin ənənələri və keçdiyi yol haqqında danışdı. Qeyd etdi ki, ölkəmizdə milli mətbuatın əsası 1875-ci ildə «Əkinçi» qəzeti ilə qoyulub və ötən 135 ildə zəngin inkişaf yolu keçib. Mətbuatın bu gün cəmiyyətin maariflənməsində, məlumatlanmasında mühüm rol oynadığını deyən nazir müavini ümummilli lider Heydər Əliyevin hər zaman mətbuata böyük önəm verdiyini, dövlətin kütləvi informasiya vasitələrinin inkişafına diqqət və qayğı göstərdiyini vurğuladı.
   Sonra nazir müavini Mədəniyyət və Turizm Nazirliyi tərəfindən həyata keçirilən çoxsaylı tədbirlərə mətbuatın diqqət ayırmasının vacibliyini bildirdi. O, «Mədəniyyət və mədəni dəyərlərin təbliğində kütləvi informasiya vasitələrinin rolu» adlı təlimin respublikada mədəniyyət siyasəti çərçivəsində həyata keçirilən tədbirlərin düzgün işıqlandırılmasını təmin etmək, yeni jurnalistlərin hazırlıq səviyyəsinin artırılması məqsədi ilə təşkil olunduğunu qeyd etdi. Nazir müavini bildirdi ki, bu, layihə ilk olsa da, sonuncu deyil və belə layihələrin davamlı təşkili nəzərdə tutulur.
   Beynəlxalq təlimdə ekspertlər qismində Azərbaycan Jurnalistlər Birliyinin baş katibi, Əməkdar jurnalist Ramiz Əskər, Rusiyanın “Kultura” (“Mədəniyyət”) qəzetinin əməkdaşı İrina Kulik, Ümumrusiya Dövlət Teleradio Şirkətinin (RTR) Mədəniyyət şöbəsinin müdiri Qulya Baltayeva, Rumıniyanın «Mədəniyyət» milli radiosunun nümayəndələri Nataliya Polikropova və Dorin Bitfoin iştirak edirdi.
   Ramiz Əskər çıxışında Azərbaycan mədəniyyətinin qədimliyindən, özəlliklərindən bəhs etdi: «Azərbaycan xalqının mədəniyyəti bəşəridir. Xalqımızın çox zəngin şifahi xalq yaradıcılığı, böyük dastanları var”. O, eyni zamanda, Azərbaycan mədəniyyətinin zaman-zaman ermənilər tərəfindən mənimsənilməsi cəhdlərinə də toxundu.
   Rumıniyanın «Mədəniyyət» milli radiosunun nümayəndəsi Dorin Bitfoin Bakıda keçirilən tədbiri maraqlı və əhəmiyyətli hadisə kimi dəyərləndirdi: «Mədəniyyət vacib sahədir və belə tədbirlər olduqca vacibdir»
   Digər qonaqlar da, Azərbaycanda bu cür beynəlxalq təlimin keçirilməsini yüksək qiymətləndirdilər. «Mədəniyyət və mədəni dəyərlərin təbliğində kütləvi informasiya vasitələrinin rolu» adlı beynəlxalq təlim oktyabrın 27-də işini yekunlaşdıracaq.
   
   Mehparə