Mədəniyyət və Turizm Nazirliyi, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu, A.A.Bakıxanov adına Tarix İnstitutu, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Şəmkir Rayon İcra Hakimiyyəti və Regionların İnkişafı İctimai Birliyinin birgə layihəsinə əsasən oktyabrın 27-də Şəmkirdə „“Antik və orta əsr Azərbaycan şəhərləri: arxeoloji irsi, tarixi və memarlığı” mövzusunda elmi konfrans işə başlayıb.
   
   Konfransı giriş sözü ilə açan AMEA-nın prezidenti akademik Mahmud Kərimov qədim və orta əsrlər tarixində Azərbaycan şəhərlərinin mühüm istehsal, mədəni, intellektual potensialının cəmləşdiyi və mütərəqqi inkişafını təmin edən mərkəzlər olduğunu diqqətə çatdırıb, xalqımızın zəngin mədəni irsinin, tarixinin üzə çıxarılmasında, təbliğində bu şəhərlərin arxeoloji irsinin, tarixinin və memarlığının dərindən araşdırılmasının aktuallığını qeyd edib.
   Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Nazim Veysov, Mədəniyyət və Turizm Nazirliyinin Mədəni irs şöbəsinin müdiri Rizvan Bayramov, Memarlıq və İnşaat Universitetinin rektoru Gülcöhrə Məmmədova, akademik Teymur Bünyadov, Regionların İnkişafı İctimai Birliyinin sədri Seymur Quliyev çıxış edərək Azərbaycan tarixinin daha dərindən öyrənilməsində bu tədbirin əhəmiyyətindən danışıblar.
   Sonra konfransın plenar iclasında AMEA-nın vitse-prezidenti, akademik Nailə Vəlixanlı “Şəmkir orta əsr ərəb mənbələrində”, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, tarix elmləri doktoru Maisə Rəhimova “Azərbaycanın antik və orta əsr şəhərlərinin arxeoloji tədqiqinin nəticələri və perspektivləri”, Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Rizvan Bayramov “Azərbaycanın tarixi yaşayış məkanları və onların qorunmasına dair”, tarixçı-alim Şahin Fərzəliyev “Şəki XIII əsrin sonu, XIV əsrin əvvəllərində”, Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov “Azərbaycan qədim şəhərlər diyarıdır”, tarix elmləri doktorları Ömər Davudov (Dağıstan) “Dağıstanın Alban dövrü yaşayış yerləri”, Quram Marxulia (Gürcüstan) “Azərbaycan şəhəri İrəvan və ya tarixi “Erevats”, “Ereuni”, “Erivan”, “Yerevan” Azərbaycana məxsusdur, yoxsa ermənilərə?” mövzularında məruzələrlə çıxış ediblər.
   Konfrans iştirakçıları orta əsr Şəmkir şəhərinin yerində arxeoloji qazıntılar aparılan əraziyə də baş çəkərək burada üzə çıxarılan şəhər qalıqları ilə yaxından tanış olublar.
   Oktyabrın 28-də konfrans öz işini Şəmkir və Gədəbəydə arxeologiya, tarix və memarlıq bölmələri üzrə davam etdirib.