Noyabrın 9-da Bakıda “XXI əsrdə Müstəqil Dövlətlər Birliyi və Şanxay Əməkdaşlıq Təşkilatı ölkələri dillərinin və mədəniyyətlərinin dialoqu” VI Beynəlxalq Forumu keçiriləcək.
MDB İcraiyyə Komitəsindən bildiriblər ki, Müstəqil Dövlətlər Birliyinin 20 illiyinə həsr olunmuş forumu MDB üzvü olan dövlətlərin Beynəlxalq Humanitar Əməkdaşlıq Fondunun dəstəyi ilə Moskva Dövlət Linqvistika Universiteti Bakı Slavyan Universitetinin bazasında təşkil edəcək.
Tədbir iştirakçıları MDB və Şanxay Əməkdaşlıq Təşkilatı ölkələrində humanitar məkanda siyasi, hüquqi, iqtisadi, sosial, mədəni aspektləri və humanitar məkanda çoxdillilik şəraitində dillərin və mədəniyyətlərin dialoqu məsələlərini müzakirə edəcəklər. Forumda rus dili xalqların millətlərarası ünsiyyət vasitəsi kimi, bədii tərcümə mədəniyyətlərin qarşılıqlı təsir kanalı kimi, habelə digər məsələlər müzakirə mövzusu olacaq.
Forum çərçivəsində MDB ölkələrinin dilləri və mədəniyyətləri üzrə tədris materiallarının sərgisi təşkil ediləcək, Azərbaycan dili üzrə tədris-metodiki kompleksin təqdimatı, dəyirmi masa, habelə ustad dərsləri və seminarlar keçiriləcək.