Muzey Mərkəzində görkəmli xalçaçı-rəssam Lətif Kərimova həsr olunmuş sərgi-tədbir keçirildi
   
   Noyabrın 18-də görkəmli xalçaçı alim, Xalq rəssamı Lətif Kərimovun (1906-1991) anadan olmasının ildönümü münasibətilə sənətkarın adını daşıyan Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin təşkilatçılığı ilə tədbir keçirildi. 
   
   Muzey Mərkəzində gerçəkləşən «Unudulmaz sənətkar» adlı sərgi-tədbirdə müəllifin 15 eskizi təqdim olundu. Bununla yanaşı, 2007-ci il fevralın 12-16-da UNESCO-nun Parisdəki iqamətgahında alimin 100 illik yubileyi münasibətilə təşkil olunmuş «Azərbaycan xalçası» və «Azərbaycan xalça sənəti» mövzusunda IV Beynəlxalq Simpozium üçün hazırlanaraq çap edilmiş 2 cildlik «Lətif Kərimov fenomeni» adlı kitab da tədbirdə təqdim olundu.
   Tədbirdə ilk sözlə çıxış edən muzeyin şöbə müdiri Aygün Abbasova Lətif Kərimovun təkrarolunmaz şəxsiyyət olduğunu və Azərbaycan xalçaçılıq sənətinə böyük töhfələr verdiyini bildirdi. Görkəmli alimin tələbələrindən olan sənətşünas Kübra Əliyeva isə Lətif Kərimovun yaradıcılıq uğurlarından, xatirələrindən danışdı: «Lətif Kərimov ömrünün 50 ilini sevdiyi işə həsr edərək Azərbaycanı qarış-qarış gəzib. Öz xalçalarında milli naxışlardan daha çox istifadə edib. Lətif Kərimov həm də memarlıq dizaynının ən nadir sənətkarı idi. O, böyük rəssam, alim, qeyri-adi insan idi. 24 ilə yaxın onun yanında işlədiyimə görə xoşbəxtəm».
   Tədbirdə daha sonra Lətif Kərimovun digər tələbəsi Toğrul Bəşirov da çıxış edərək fikirlərini, xatirələrini bölüşdü.
   Sonda sənətkara həsr olunmuş «Ömrün naxışları» filminin təqdimatı keçirildi.
   
   Gülər