Çağdaş ədəbiyyatşünaslıq elmimizdə öz sözü və öz yeri olan professor Kamran Əliyev barədə bu vaxta qədər iki məqalə yazmışam. Məqalələrdən biri K.Əliyevin elmi, ikincisi isə bədii yaradıcılığına həsr edilib. Bir vaxt K.Əliyevin ilk monoqrafiyasından yazmağa ehtiyac duyduğum kimi, onun ilk povestindən də yazmağa ehtiyac duymuşam. Belə hesab etmişəm ki, povest müəllifi K.Əliyev ədəbiyyatşünas K.Əliyevi bir az da yaxından tanımağa kömək edir.
   
   Əvvəla, K.Əliyev povestlər yazmaqla bədii təxəyyül sahibi olduğunu, özündə elmi təfəkkürlə bədii təxəyyülü birləşdirdiyini əsaslı şəkildə göstərə bilir. İkinci tərəfdən isə povestlər yazmaq yaradıcılığına elmi əsərlər həsr etdiyi sənətkarlarla həmfikir olmağın bir formasına çevrilir. Romantik və realist yazıçılarımızın toxunduğu ciddi mətləbləri elmi əsərlərində incələməklə kifayətlənməyən K.Əliyev həmin mətləblərdən bir çoxuna bədii əsərlərində yenidən qayıtmalı olur.
   Povestlərinə əsaslanıb ədəbiyyatşünas K.Əliyevin həm də bədii təxəyyül sahibi olduğunu nəzərə aldıqda qələm dostumuzun elmi yaradıcılığındakı səciyyəvi bir cəhəti üzə çıxara bilirik. Həmin cəhət ondan ibarətdir ki, elmi əsərlərində K.Əliyev fikri necə gəldi, o şəkildə ifadə etmək yolunu tutmur və müəyyən qədər bədii yaradıcılıqdan gələn forma axtarışlarına xüsusi diqqət yetirir. Üzeyir Hacıbəylinin ömür və yaradıcılıq yolu barədə danışmaq istərkən K.Əliyev gözlənilmədən dahi bəstəkarın əsərlərini yox, onun fotoşəkillərini təhlil predmetinə çevirir. Dahi bəstəkarın uşaqlıq, gənclik və qismən ahıl çağlarına və bu çağların səciyyəvi cəhətlərinə K.Əliyev məhz şəkillərin dili ilə nəzər salır: «Şəkildəki seminaristlərin heç birində müşahidə edilməyən amiranəlik onu yoldaşlarından fərqləndirir. Şübhəsiz, belə bir görkəm Üzeyirin eqoizminin deyil, özünə güvənməyinin ciddi əlamətidir... 1904-cü ildə çəkilmiş başqa bir şəkil isə göstərir ki, Ü.Hacıbəyli Qori seminariyasında xüsusi hörmət qazanmışdır. Belə ki, seminariyanın ilk illərində çəkilmiş şəkildən fərqli olaraq, Üzeyir artıq burada ilk sırada soldan birincidir...»
   Məqalədə «yoldaşlar və dostlarla çəkilən şəkillər» mövzusunu axıracan izləyən K.Əliyev tədricən «Ü.Hacıbəyli ilə çəkilən şəkillər» mövzusuna keçir və H.Sarabski, H.Terequlov, M.Maqomayev, həmçinin Q.Qarayev, S.Rüstəmov, Niyazi kimi sənətkarların Üzeyir bəylə çəkdirdiyi fotolar əsasında dahi bəstəkarın müasirləri arasında böyük nüfuz sahibi olmasından, istedadlı varislər yetişdirib özündən sonra bir məktəb yaratmasından bəhs edir. Yaxud tək çəkilmiş şəkilləri izləmək K.Əliyevə imkan verir ki, əli siqaretli, dalğın baxışlı insanın zahiri görkəmi əsasında zamanın ağır sınaqlarından keçmiş bir mütəfəkkirin portret cizgiləri barədə söhbəti ümumiləşdirə və tamamlaya bilsin.
   Hər hansı sənətkarın portretini və həmin sənətkarın yaradıcılığı ilə bağlı problemləri araşdırma mövzusuna çevirərkən gözlənilməz baxış nöqtələri tapmaq! Məqalə və monoqrafiyalarda K.Əliyevin xüsusi maraq göstərdiyi bu cəhət bir çox hallarda özünü lap əvvəldən - yazıların sərlövhəsindən büruzə verməyə başlayır: «Qafqaz davası», «Parisin süqutu», «İstiqbal savaşı». Bu başlıqları görən oxucu müəllifin tarixi hadisələr fonunda publisistik əsər ortaya qoyacağını zənn edir. Amma həmin başlıqlı yazılarla tanışlıqdan sonra oxucuya bəlli olur ki, müəllif əslində tarixi-ədəbi faktlar (məsələn, ədəbiyyatımızda Qafqaz mövzusu, Qərb və Şərq problemi, istiqbal məsələsinə münasibət) fonunda müxtəlif dünyagörüşlü və müxtəlif üslublu sənətkarlar arasında müqayisələr aparır və özünəməxsus qənaətlərə gəlir.
   Tənqid və ədəbiyyatşünaslıq nümunələrində forma məsələsinin K.Əliyevi nə qədər düşündürdüyünü göstərən daha ciddi fakt: «Tənqidin poetikası» adlı kitabıdır. Kitabda az işlənilmiş bir mövzudan - ədəbi tənqiddə sənətkarlıq məsələlərindən də bəhs olunur. Kitaba «Ədəbi tənqiddə bədiilik», «F.Köçərli tənqidinin sənətkarlıq məsələləri» adlı ayrıca məqalələr daxil edən müəllif yerinə düşən, məzmunla qırılmaz əlaqədə olan və məzmunun açılmasında mühüm rol oynayan bədiiliyi ədəbi tənqid üçün bir məziyyət sayır. K.Əliyev «tənqiddə bədiilik» dedikdə heç də yalnız yeri gəldikcə tənqidçinin məcazi mənalı söz, ifadə və cümlələr işlətməsini, fikri obrazlı şəkildə bildirməsini nəzərdə tutmur. K.Əliyev «tənqiddə bədiilik» adı altında həm də bədii əsərlərdən gəlmə paralellik, dialoq, haşiyə və s. kimi elementlərdən istifadə etməyi nəzərdə tutur.
   Ədəbi tənqidin bədiiliyinə xüsusi əhəmiyyət verən K.Əliyev, təbii ki, şeir, nəsr və dramaturgiya nümunələrinin təhlilində sənətkarlıq məsələlərini diqqətdən kənarda saxlaya bilməzdi. Bunun belə olduğunu K.Əliyevin fundamental elmi əsərinin adından da hiss etmək olar: “Azərbaycan romantizminin poetikası”. XX əsr Azərbaycan romantizminə həsr olunan əsərdə K.Əliyev, heç şübhəsiz, romantik sənətin ümumi prinsipləri və qanunauyğunluqlarını ciddi şəkildə nəzərə alır, M.Hadi, H.Cavid, A.Səhhət, A.Şaiq, A.Divanbəyoğlu kimi sənətkarların yaradıcılığını dünya romantizminin estetikası zəminində araşdırır. Bununla yanaşı, onu da qeyd etmək vacibdir ki, romantizmə dair araşdırmalarda K.Əliyevin ən başlıca istinad nöqtəsi bədii mətnin özü olur. Yəni K.Əliyev nəzəri fikirlərdən bədii mətnə yox, bədii mətndən nəzəri fikrə doğru irəliləməyi daha məqbul yol hesab edir və romantik sənətlə bağlı tədqiqatını daha çox bu istiqamətdə qurur. Romantik nəsr, şeir və dramaturgiya nümunələrinin mətnində K.Əliyev obrazlar sistemini üzə çıxarmağa çalışır. Qeyd olunan sistemin üzə çıxarılmasında romantik qəhrəmanın hərəkəti, zaman və məkan kimi problemlərin, həmçinin təbiət obrazları və mifoloji obrazların, Şərq və Qərb, Yaxın və Uzaq, Həyat və Ölüm kimi poetik qarşıdurmaların ətraflı araşdırmaya cəlb edilməsi mühüm əhəmiyyət daşıyır. Məlum olur ki, romantik sənətdə təsadüfi heç nə yoxdur. Ən kiçik detaldan ən geniş təsvirəcən hər şey mərkəzində romantik qəhrəman dayanan poetik sistemə xidmət edir. Otaq, zindan, çəmənlik, bağ-bağça, yol və s. kimi məkan təsvirləri; ay, ulduz, bulud və s. kimi təbiət obrazları; İblis, Mələk və s. kimi mifoloji obrazlar romantik qəhrəmanın hiss-həyəcan və düşüncələrini, onun ziddiyyətli və mürəkkəb daxili aləmini ifadə etməyin vasitəsinə çevrilir. Deməli, romantik nəsr, şeir və dramaturgiya nümunələrini poetik sistem baxımından incələməklə K.Əliyev romantik qəhrəmanların (dolayısı ilə romantik sənətkarların) yaşantılarının, onların dilə gətirdikləri mətləblərin incələnməsinə nail olur. Və bu mətləblər elə mətləblərdir ki, indinin özündə belə bizi dərindən-dərinə düşündürür. Məsələn, Şərq-Qərb, Yaxın-Uzaq problemi. Bu gün bizi heç də az düşündürməyən bu məsələyə XX əsr Azərbaycan romantiklərinin münasibəti heç də birmənalı deyil. Qərbə əksər hallarda rəğbətlə yanaşan və Uzaqda ümid işığının yandığını dönə-dönə dilə gətirən sənətkarlarımız bəzən ümidsizliyə qapanır və Qərbi şər yuvası kimi ittiham etmək məcburiyyətində qalırlar.
   Romantiklərin Qərbə hüsn-rəğbəti, söz yox ki, Şərqi inkar etmək motivləri üstündə köklənir. K.Əliyevin sözləri ilə desək, romantiklərdə “uzaq obyektə maraq mövcud cəmiyyətə - yaxına etirazın nəticəsi kimi” özünü göstərir. Və bu məsələdə (Şərqi, müsəlman aləmini tənqid etməkdə) romantiklər heç də realistlərdən geri qalmırlar. (M.Ə.Sabir “Harda müsəlman görürəm qorxuram” deyirsə, M.Hadi “Ar eyləyirəm söyləməyə kəndimə insan, İnsan sifətində görünür çünki müsəlman” deyir.) M.Ə.Sabir “Quş kimi göydə uçar yerdəkilər, Bizi kömdü yerə minbərdəkilər” deyirsə, M.Hadi “Mülki-islama bax, qaranlıqdır, Qərbə bax gör ki, hökmranlıqdır” deyir, “Mən ölmədən əvvəl vətənim oldu məzarım” qənaətinə gəlir. Səadəti Uzaqda axtarıb, cəhalət içində boğulan müsəlman mühitinə etiraz etməyin kəskin nümunələrindən birinə H.Cavidin “Şeyx Sənan”ında rast gəlirik. Başlıca missiyası İslam dinini təbliğ etməkdən ibarət olan Şeyx Sənan Xumar adlı gürcü qızının eşqi yolunda nəinki öz missiyasını yerinə yetirməkdən boyun qaçırır, həm də bu azmış kimi boynundan xaç asmağa, donuz otarmağa, ən dəhşətlisi isə Quranı yandırmağa razılıq verir.
   Yeri gəlmişkən qeyd edək ki, Şeyx Sənanın bu qeyri-adi hərəkəti ədəbi mühitdə həmişə mübahisələr doğurub. Sovet dövründə Şeyx Sənan bir obraz kimi ədəbi məhkəməyə çəkilib. Məlum təsir və təzyiqlər nəticəsində ittihamçı rolunda çıxış etməli olan C.Cabbarlı Şeyx Sənanı “məsləki öz şəxsi səadət və ehtiraslarına fəda edən xain” adlandırıb. K.Əliyev bu cür mübahisəli məqamların tədqiq və təhlilini xüsusən vacib sayır. O, M.Cəfər, Y.Qarayev kimi ədəbiyyatşünasların fikirlərinə söykənib, Şeyx Sənanın normalara sığmayan hərəkətlərini onun ilahi yüksəklikdə dayanmaq idealı ilə əlaqələndirir: «Şeyx Sənanın Zəhraya «sadiq qalmaması»nın səbəbi Zəhranı sevməməkdə deyil. Əsas məsələ ondadır ki, Zəhra Şeyx Sənanı şeyxlər mühitinə bağlayır və ona daha çox yaxınlaşdırır, əksinə, Xumar Sənanı şeyxlər mühitindən ayırır və ondan daha çox uzaqlaşdırır».
   Deməli, Xumara məhəbbət və bu məhəbbət yolunda Quranın yandırılmasına razılıq vermək kimi ağlasığmaz hərəkət qaragüruhçu şeyxlər mühitinə kəskin etirazın bir formasıdır. K.Əliyevin ədəbi mühitdə mübahisə və ittihamlara səbəb olmuş Şeyx Sənan obrazı ilə bağlı mülahizələri H.Cavid sənətinin dərinliyinə varmaqda oxucuya yardımçı olur. K.Əliyev romantiklərin Yaxını tənqid edib, Uzağı ideallaşdırması xəttini izləməklə kifayətlənmir. Uzağa bəslənən ümidlərin boşa çıxması və Qərbin tənqid hədəfinə çevrilməsi məqamlarını da ciddi araşdırmaya cəlb edir.
   Birinci Dünya müharibəsi Şeyx Sənanın üz döndərdiyi şeyxlər mühitinin yox, Qərbin törətdiyi bir müharibə idi. Qərbin dünyanı odlara yaxdığını, qan içində boğduğunu, bəşər övladının Qərb siyasəti adlı mistik bir şərin əlində əsir-yesir olduğunu görən H.Cavid dünya ədəbiyyatının ən qəmli pyeslərindən olan «İblis»i yazdı. Və «İblis» də «Şeyx Sənan» kimi qızğın mübahisələr doğurdu, əsərin baş qəhrəmanını (İblisi) başa düşmək xeyli çətinlik törətdi. Bunu nəzərə alan K.Əliyev «Şeyx Sənan» kimi «İblis»ə də xüsusi diqqət yetirməli olur və başqa ədəbiyyatşünaslarımızdan fərqli olaraq, romantiklərin ədəbi-nəzəri görüşlərini romantizmə aid əsərlərin doğru-düzgün təhlilində mühüm mənbələrdən biri kimi götürür. Əsərin təhlilində A.Şaiqin mülahizələrinə əsaslanan K.Əliyev İblis obrazını «insanları vəhşətlərə sürükləyən və maddi ehtirasatın, bu maddi ehtirasata qida verən Qərb siyasətinin simvolu» kimi qiymətləndirir. H.Cavidin «İblis», həmçinin «Uçurum» pyesləri əsasında K.Əliyev romantiklərin Qərbə qarşı hiddətinin kor-koranə bir münasibət yox, dərin götür-qoydan keçən əsaslı bir münasibət olduğunu diqqətə çatdırır.
   K.Əliyevin «Poetika» adlı (daha doğrusu, adında təbii olaraq «poetika» termininə rast gəldiyimiz) üç kitabından biri də folklora həsr olunub: «Eposun poetikası: «Dədə Qorqud» və «Koroğlu». Bu kitaba qədər K.Əliyevin folklora dair tədqiqatları, əsasən, folklor və yazılı ədəbiyyat məsələlərini əhatə edib. «Romantizm və folklor” adlı ayrıca kitab çap etdirən K.Əliyev yazılı ədəbiyyat nümunələrinin xalq ədəbiyyatından gələn motivlərinə, folklor qəhrəmanı və romantik qəhrəman əlaqələrinə toxunub. «Eposun poetikası» isə «Romantizm və folklor» kitabından fərqli bir kitabdır. Fərq ondadır ki, K.Əliyev «Eposun poetikası»nda artıq bir folklorşünas kimi çıxış edir. Öz araşdırma yoluna (faktiki materialdan nəzəri ümumiləşdirmələrə getmək yoluna) bu kitabda da sadiq qalan K.Əliyev özünəməxsus «etnopoetika» termini təklif edir, «Dədə Qorqud» boyları və «Koroğlu» qollarını «etnos və epos» müstəvisində təhlil süzgəcindən keçirib, folklorşünaslar üçün maraqlı olan, yeni araşdırmalara rəvac verən fikirlər irəli sürür.
   Folklorumuzun, yazılı ədəbiyyatımızın, tənqid və ədəbiyyatşünaslığımızın az öyrənilmiş mövzularına, mübahisə doğuran məsələlərinə sanballı məqalələr, monoqrafiyalar həsr edən, arabir ürəyini povestlər yazmaqla boşaldan K.Əliyevə 60 yaşının tamam olduğu bir vaxtda «sağ olsun» demək istəyirəm. Sağ olsun ki, illəri boşuna keçirməyib, bu vaxta qədərki ömür payını mənalı yaşayıb. Və bizlərə imkan verib ki, onunla dostluğumuzdan qürur duyaq.
   
   Muxtar Kazımoğlu (İmanov)
   Filologiya üzrə elmlər doktoru, AMEA Folklor İnstitutunun direktoru