İki il ərzində məktəbin dinləyicisi olmuş 50 yazar təltif olundu
   
   Dekabrın 8-də M.F.Axundzadə adına Milli Kitabxanada Gənc Ədiblər Məktəbinin fəal üzvlərinə diplomların verilməsi ilə bağlı mərasim keçirildi. Tədbiri giriş sözü ilə kitabxananın direktoru Kərim Tahirov açaraq Gənc Ədiblər Məktəbinin fəaliyyəti barədə qısa məlumat verdi. 
   
   Qeyd olundu ki, ötən iki il ərzində mütəmadi olaraq məktəbin üzvləri ilə məşğələlər keçirilib, dinləyicilər Azərbaycanın tanınmış ədiblərindən, ədəbi tənqidçilərdən dərs alıblar. İştirakçılar məktəbdə ədəbi prosesin sirlərini öyrəniblər. İndi həmin gənclər Azərbaycan ədəbiyyatında öz sözlərini deməyə hazırdırlar.
   Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev Gənc Ədiblər Məktəbinin yaranma tarixindən, fəaliyyətindən danışdı: “Xatirimdədir, 2008-ci ilin iyul ayının 1-də bir qrup yaradıcı gənclə görüşümüz oldu və orada belə bir məktəbin yaradılması müzakirə olundu. Gənc Ədiblər Məktəbinin yaradılmasından iki ildən artıq dövr keçir. Mədəniyyət və Turizm Nazirliyi gənclərin yaradıcılıq potensialının üzə çıxarılmasına hər zaman dəstək verib. Gənclərlə qurduğumuz bu münasibət yeniliyin bir təzahürüdür, formasıdır. Düşünürəm ki, bu məktəb gənclərin öz istedadlarını daha da inkişaf etdirmək, onların fəaliyyətinə münbit zəmin yaratmaq üçün əhəmiyyətli addımdır”.
   Nazir müavini gənc yazarların böyük ədəbiyyatda uğurlar qazanacağına ümidini ifadə etdi, onların arasında Azərbaycan dramaturgiyasına xidmət edəcək istedadların yetişməsini arzuladı: “Təəssüf hissi ilə qeyd etmək istərdim ki, bəzi gənclərin yaradıcılığında olan tərki-dünyalıq, ədəbi dil normalarından uzaqlaşmaq meyillərinə, ana dilimizi bəsitləşdirən yazılara da rast gəlmək olur. Arzu edirəm ki, Gənc Ədiblər Məktəbinin məzunları öz yaradıcı fəaliyyətləri ilə sözün əsl mənasında Azərbaycan ədəbiyyatına, Azərbaycan xalqına və dövlətçiliyinə xidmət etsinlər”.
   Gənc Ədiblər Məktəbinin rəhbəri, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid bildirdi ki, məktəbin yaradılması ilə bağlı qərar veriləndə və qurum fəaliyyətə başlayanda bu qədər geniş auditoriyanın diqqətini çəkəcəyinə inanmırdılar. Onun sözlərinə görə, məktəbin toplantılarına təkcə paytaxtdan və yaxın rayonlardan deyil, uzaq bölgələrdən də maraq göstərən, böyük məsafə qət edib tədbirlərə qatılan gənclər oldu: “Demək olar ki, 70 nəfər gənc mütəmadi qaydada, bütün tədbirlərdə iştirak etdi. İki ildən artıq müddətdə Azərbaycanın çox sayda tanınmış qələm adamı bizim gənclərə ustad dərsləri keçdi. Onlar gənclərə yaradıcılıq prosesi, ədəbi mühit, sözlə davranış haqqında ətraflı danışdılar, gənc yazarların şeirlərini, düşüncələrini dinlədilər. Məktəb üzvlərinin yaradıcılıq nümunələri xüsusi buraxılışlarda, dövri mətbuat səhifələrində ardıcıl işıqlandırıldı. Gənclərdən böyük bir qismi Yazıçılar Birliyinə üzv seçildi, Prezident təqaüdünə layiq görüldü, onların kitabları nəşr edildi. Hesab edirəm ki, bütün bunlar yaradıcı gənclər üçün çox faydalı oldu, onların ədəbi fəaliyyətinə stimul verdi”.
   Sonra Gənc Ədiblər Məktəbinin üzvlərilə davamlı iş aparan və onların əksəriyyətinin yaradıcılığına yaxından bələd olan “525-ci qəzet”in redaktor müavini Seyfəddin Hüseynli çıxış edərək, fikirlərini bölüşdü. Gənc ədiblərdən Pərvin Nurəliyeva, Cavid Zeynallı məktəbin onların yaradıcılığında önəmli rol oynadığını, burada ədəbi fəaliyyətlə bağlı xeyli bilik və təcrübə qazandıqları barədə danışaraq, layihənin təşkilatçılarına minnətdarlıq etdilər.
   Mərasimdə Gənc Ədiblər Məktəbi üzvlərindən 50 nəfərə diplomlar təqdim olundu. Onların arasında “Mədəniyyət” qəzetinin müxbiri Yeganə Cansail, “Pəncərə” jurnalının əməkdaşı Ülviyyə Heydərova da var.
   
   Ceyhun