Dekabrın 14-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinə daxil olan yeni eksponatların təqdimat mərasimi keçirilib. 
   Tədbirdə çıxış edən muzeyin direktoru, Milli Məclisin deputatı Rafael Hüseynov muzeyin yaradılmasının 70 illik yubileyinin ölkəmizdə geniş şəkildə qeyd olunduğunu deyib. O, prezident İlham Əliyevin sərəncamı ilə Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin əməkdaşları fəxri adlar və “Tərəqqi” medalı ilə təltif edildiyini nəzərə çatdırıb.
   Muzeydə 2011-ci ilin yazında keçirilməsi nəzərdə tutulmuş “Xalq oyunları mədəniyyəti: klassik irs və müasirlik” mövzusunda konfransla bağlı məlumat verən direktor deyib ki, 3 gün davam edəcək tədbirdə dünyanın bir sıra ölkələrindən tanınmış alimlər məruzələrlə çıxış edəcəklər.
   Sonra tədbir iştirakçılarına muzeyə təqdim edilmiş yeni eksponatlar haqqında məlumat verilib. Diqqətə çatdırılıb ki, bu əsərlərdən biri almaniyalı tədqiqatçı Məhəmmədəli Hüseyninin muzeyə hədiyyə etdiyi “Saib Təbrizinin portreti”dir. Digər əsər isə Saib Təbrizinin 400 illiyi münasibətilə Tofiq Quliyevin şairin sözlərinə bəstələdiyi romansın klaviridir.