Böyük öndərin xatirəsinə həsr olunmuş dəyirmi masa
Heydər Əliyevin vəfatının 7-ci ildönümü ilə bağlı dekabrın 10-da Bakının Yasamal rayonundakı Heydər Əliyev Məktəb-Muzeyində Mədəniyyət və Turizm Nazirliyinin, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin (BŞMTİ) və Yasamal Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev və mədəniyyət” mövzusunda dəyirmi masa keçirildi.
Tədbir iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək ümummilli liderin xatirəsini ehtiramla yad etdilər, məzarı önünə əklil qoydular. Sonra iştirakçılar Heydər Əliyev Məktəb-Muzeyində ümummilli liderin büstü önünə əklil qoyub, onun həyat və fəaliyyətini əks etdirən muzeylə tanış oldular.
“Heydər Əliyev və mədəniyyət” adlı dəyirmi masanı giriş sözü ilə BŞMTİ-nin rəisi Əlikram Əliyev açaraq ümummilli liderin Azərbaycan xalqı və dövləti qarşısında əvəzolunmaz xidmətlərindən, ulu öndərin rəhbərliyi ilə ölkəmizdə demokratik və hüquqi dövlət quruculuğu istiqamətində görülən işlərdən, həyata keçirilən tədbirlərdən danışdı: “Heydər Əliyev Azərbaycan mədəniyyətinin himayədarı olub, bu sahədə çalışanlara həmişə qayğı göstərib. Hazırda böyük rəhbərin siyasi xətti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, mədəniyyət və incəsənətimizin inkişafı naminə bütün təminatlar yaranır. Biz bu irsi qorumalı, inkişaf etdirməli və gələcək nəsillərə çatdırmalıyıq”.
Heydər Əliyev haqqında videofilm izləndikdən sonra Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri, professor Fikrət İsmayılov çıxış etdi. O, böyük öndərlə bağlı xatirələrdən söz açdı: “Heydər Əliyevlə ünsiyyətdə olmaq bir həyat məktəbi idi. O, Azərbaycan dövlətinin dirçəlişi, tərəqqisi yolunda tarixi xidmətləri ilə yanaşı, Azərbaycan elminin, mədəniyyətinin inkişafı naminə misilsiz fəaliyyət göstərib”.
AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, akademik Teymur Bünyadov böyük öndər haqqında fikirlərini bölüşdü: “Heydər Əliyev bizim mədəniyyətimizin, təhsilimizin banisidir. Mən onun irsini ölkəmizin gələcəyi üçün tarixi qənimət hesab edirəm”.
Tədbirdə Bakı Dövlət Universitetinin kitabxanaşünaslıq kafedrasının müdiri, professor Abuzər Xələfov, Rəssamlar İttifaqı sədrinin müavini, Xalq rəssamı Ağaəli İbrahimov, Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev, Milli Məclisin deputatı Ülvi Quliyev, aktyor, Xalq artisti Nurəddin Mehdixanlı və digər çıxış edənlər də dünya şöhrətli siyasi xadimin zəngin ömür yolundan, onun idarəetmə bacarığı, prinsipial mövqeyi, dərin zəkası və peşəkarlığı ilə ölkəmizin ictimai-siyasi, iqtisadi və mədəni həyatında qazanılmış uğurlardan danışdılar. Natiqlər müdrik rəhbərin ölkəmizə rəhbərlik etdiyi illəri Azərbaycanın tarixində qızıl hərflərlə yazılmış mühüm mərhələ kimi qiymətləndirdilər.
İntiqam Hacılı