Xalq şairinə həsr olunmuş sərgi və eyniadlı foto-albomun təqdimatı keçirilib
Dekabrın 14-də “Qız Qalası” rəsm qalereyasında “Səməd Vurğun təsviri sənətdə” adlı sərginin açılış mərasimi və eyniadlı fotoalbomun təqdimatı keçirildi.
Tədbiri giriş sözü ilə açan Səməd Vurğunun ev-muzeyinin direktoru Aygün Vəkilova bildirdi ki, ekspozisiyada görkəmli Azərbaycan rəssamlarının şairə həsr etdiyi maraqlı sənət nümunələri yer alıb. “Bu gün nümayiş etdirilən əsərlər arasında yağlı boya ilə işlənmiş rəsm, qrafika əsərləri, portretlər üstünlük təşkil edir. Sərgidə şairin oğlu Yusif Səmədoğlunun 15 yaşında ikən atasına həsr etdiyi yağlı boya ilə işlənmiş portreti də nümayiş olunur. Qeyd etmək istəyirəm ki, Səməd Vurğunun 2011-ci ildə keçiriləcək 105 illiyi ərəfəsində muzeyin fondlarında qorunan eksponatlar bərpa və konservasiya edilərək çərçivələnib”.
Açılış mərasimində iştirak edən Mədəniyyət və Turizm Nazirliyinin Aparat rəhbəri Firudin Qurbanov çıxışında şairin həyat və yaradıcılığına qısa nəzər saldı. Tədbirin keçirilməsinin Səməd Vurğunun ev-muzeyinin yaradılmasının 35 illiyinə təsadüf etdiyini deyən aparat rəhbəri şairin əsərlərində torpağa, vətənə bağlılıq hisslərinin yüksək olduğunu vurğuladı. “Səməd Vurğun Azərbaycanın böyük şairidir. O, hələ sağlığında ikən bir sıra ədəbi mükafatlara layiq görülüb, tanınıb, sevilib. Onun “Azərbaycan” şeiri hər bir Azərbaycan vətəndaşının yaddaşındadır”.
Tədbirdə çıxış edən Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Əlikram Əliyev, xalq rəssamları Arif Hüseynov, Altay Hacıyev, Əməkdar mədəniyyət işçisi, sənətşünas Ziyadxan Əliyev, Nizami adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi Qurban Bayramov şairin ədəbi fəaliyyətindən danışdılar, onun və ailəsi haqqında xatirələrini bölüşdülər.
Sərgidə azərbaycanlı rəssamlar Səttar Bəhlulzadə, Maral Rəhmanzadə, Tahir Salahov, Kamil Xanlarov, Elmira Şahtaxtinskaya, Asəf Cəfərov, Nadir Əbdürrəhmanov və başqalarının rəngkarlıq və qrafika janrlarında 50-dən artıq əsəri nümayiş etdirilir. Sərgi 5 gün davam edəcək.
Ceyhun