V Respublika bədii qiraət müsabiqəsinin qalibləri mükafatlandırıldı
   
   Dekabrın 22-də Dövlət Gənc Tamaşaçılar Teatrının “Gümüş maska” zalında Rəsul Rzanın 100 illiyinə həsr edilmiş “Deyilən söz yadigardır” V Respublika bədii qiraət müsabiqəsi qaliblərinin mükafatlandırılma mərasimi keçirildi. 
      
   Xatırladaq ki, bədii qiraət müsabiqəsi Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə dekabrın 1-2-də Göyçay şəhərində keçirilib. Müsabiqədə respublikanın 34 bölgəsindən 70 nəfər iştirak edib. Yarışmada 18-30 yaşında olan, dövlət teatrlarında çalışan aktyorlar, şəhər və rayon mədəniyyət müəssisələrində fəaliyyət göstərən xalq teatrları və dram dərnəkləri kollektivlərinin üzvləri, müxtəlif ali məktəblərdə təhsil alan tələbələr iştirak ediblər. Müsabiqənin münsiflər heyətinin üzvləri xalq artistləri Nurəddin Mehdixanlı, Laləzar Mustafayeva, Pərvanə Qurbanova, Əməkdar incəsənət xadimi Bəhram Osmanov, Göyçay Rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Sahib Şükürov gənclər arasından ən istedadlılarını seçərək müsabiqənin qalibi elan ediblər.
   Qaliblərin təltif olunması ilə bağlı keçirilən tədbirdə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev çıxış edərək gənc istedadların aşkar edilib üzə çıxarılması məqsədi ilə keçirilən müsabiqənin tarixinə qısa nəzər saldı. “Deyilən söz yadigardır” müsabiqəsinin ilbəil daha yüksək səviyyədə keçirilməsini nəzərə çatdıran Ə.Vəliyev bu il Mədəniyyət və Turizm Nazirliyi tərəfindən yüksək təşkilati dəstək verildiyini və nəticələrin də göz qabağında olduğunu vurğuladı. Nazir müavini çıxışında dövlətimizin mədəniyyətə, o cümlədən teatra olan qayğısından, son bir ildə teatr aləmində baş verən yeniliklərdən, əldə olunan nailiyyətlərdən söz açdı. “Böyük sənəti yalnız böyük istedadlar yarada bilər” deyən Ə.Vəliyev gənc istedadları aşkarlayıb teatrlara cəlb etmək məqsədi ilə keçirilən müsabiqənin əhəmiyyətini nəzərə çatdırdı. Çıxışının sonunda qaliblərlə yanaşı, bu yarışmanın bütün iştirakçılarını təbrik etdi.
   Gecənin aparıcısı, Gənc Tamaşaçılar Teatrının aktyoru Elnur Kərimov qalibləri elan etdi.
   Münsiflər heyətinin qərarı ilə I mükafata (500 manat, laureat adı və diplom) Füzuli rayonunun təmsilçisi, Mədəniyyət və İncəsənət Universitetinin «Dram rejissorluğu» fakültəsinin tələbəsi Ərzənalıyeva Pərvin Ərzənalı qızı, II mükafata (300 manat, laureat adı və diplom) Dövlət İqtisadiyyat Universitetinin tələbəsi Qurbanova Könül Əliyar qızı, III mükafata (250 manat, laureat adı və diplom) Dövlət Rus Dram Teatrının aktrisası Ağayeva Həcər Maqsud qızı, həvəsləndirici mükafatlara (100 manat və diplom) Salyan Dövlət Kukla Teatrının aktyoru Həsənov Rauf Akif oğlu, Bakı şəhəri Əmircan Mədəniyyət Evinin təmsilçisi Rəfiyev Firuz Kərim oğlu və Göygöl rayonundan Cəlilova Arzu Bəxtiyar qızı layiq görüldülər. Göyçay rayon Mədəniyyət və Turizm Şöbəsinin təsis etdiyi xüsusi mükafatla (100 manat və diplom) isə Ucar rayonundan Məmmədov Elçin Aslan oğlu təltif olundu.
   Müsabiqənin qalibləri tədbirdə çıxışları ilə alqışlar qazandılar. Gecənin musiqili qonaqları, əməkdar artistlər Anar Şuşalı, Firuz Səxavət, gənc muğam ifaçısı Vəfa Orucova gözəl ifaları ilə gecəyə xüsusi rəng qatdılar.
   Tədbirdə “Deyilən söz yadigardır” V Respublika bədii qiraət müsabiqəsinin münsiflər heyətinin sədri, Xalq artisti Nurəddin Mehdixanlı çıxış edərək qalibləri təbrik etdi, mədəniyyətimizin inkişafında, ədəbiyyatımızın, dilimizin təbliğində belə müsabiqələrin keçirilməsinin zəruri olduğunu bildirdi.
   
   Təranə Vahid