Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Rusiya Azərbaycanlı Gənclər Təşkilatı (RAGT) və Ümumrusiya Azərbaycan Konqresi ilə birlikdə Moskvada Yeni il bayramı ərəfəsində irimiqyaslı xeyriyyə aksiyaları keçirilib. 
      
   Yeni il ərəfəsində Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin əməkdaşları və RAGT-ın üzvləri Moskvanın bir neçə uşaq evində, bərpa mərkəzində olublar. Uşaqlar üçün Şaxta baba, Qar qız və digər nağıl qəhrəmanlarının iştirakı ilə bayram tədbirləri təşkil olunub. Qayğıya və diqqətə ehtiyacı olan uşaqlara Leyla xanım Əliyevanın Yeni il bayramı münasibətilə təbrikləri çatdırılıb, Şaxta babanın və digər nağıl qəhrəmanlarının iştirakı ilə maraqlı bayram proqramından sonra hədiyyələr təqdim olunub.
   Rusiyanın digər regionlarında - Sankt-Peterburqda, Yekaterinburqda, Vladimir, Tula, Kaluqa, Tver, Kirov, Voronej, Çelyabinsk, Lipetsk, Tümen, Yaroslavl vilayətlərində, habelə Udmurtiyada da bu cür xeyriyyə aksiyaları keçirilib. Bu aksiyalar Fondun fəaliyyətinin və iş istiqamətlərindən birinin məntiqi davamıdır. Heydər Əliyev Fondunun nümayəndəliyi artıq 4 ildir Rusiyada xeyriyyə aksiyaları keçirir, valideyn himayəsindən məhrum uşaqlar, xəstə körpələr üçün nağılları reallığa çevirir.
   Fondun aksiyalarının keçirildiyi uşaq evlərinin rəhbərləri ilk növbədə mənəvi dəstəyə ehtiyacı olan uşaqlara göstərilən diqqət və qayğıya görə Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyevaya minnətdarlıqlarını bildiriblər.