Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanası ötən il yeni binaya (Bakı şəhəri, S.Vurğun küçəsi, 88) köçəndən sonra fəaliyyətini daha da genişləndirib. Burada kitabxananın müxtəlif layihələr, tədbirlər həyata keçirməsi üçün hər cür şərait var. Yeni məkana müraciət edən balaca oxucuların sayı da artıb.
Kitabxananın direktoru Fizurə Quliyeva deyir ki, yeni məkandan həm mədəniyyət müəssisəsinin işçiləri, həm də oxucular çox razıdır: «Kitabxanamız 1965-ci ildən fəaliyyət göstərir. Köhnə binada da oxucularla yaxşı işləyirdik, amma yerimiz darısqal idi. 2010-cu ildə kitabxana üçün yeni bina istifadəyə verildi. Köhnə bina 512 kv metr olduğu halda, bura 730 kv metrdir. Burada oxucular üçün geniş şərait var. Uşaqların zövqünü oxşayan forma və rənglərdə mebel almışıq. Uşaqlar oxu zalımızdan, şöbələrdən sərbəst istifadə edə bilirlər. Keçən il «Ekologiya ili» idi. Bununla bağlı kitabxanamız 5 rayonda «Təbiəti qoruyaq», «Günəşli körpü» adlı marafonlar, kitab bayramı keçirirdi. Ən böyük tədbirimiz Xaçmaz rayonunda oldu. Sonra Qusar, Oğuz, Ağdaş və başqalarında belə marafonlar keçirdik. Bundan əlavə, hər il Beynəlxalq Uşaq Kitabı Günü münasibətilə Bakıda və rayonlarda festival və kitab bayramı təşkil edirik. Bunun da uşaqların mütaliə mədəniyyətinin artmasında böyük rolu olur. Uşaqlar bizim gələcəyimizdir. Onlara yeniliklər verməliyik».
Uşaq Kitabxanasının fondu mütəmadi olaraq yeni kitablarla zənginləşir. Kitabxanaya ən çox kitab hədiyyə edən isə «Altun Kitab» nəşriyyatıdır: «Kitabxanamızın 250 min fondu var. İl ərzində 20 minə yaxın oxucumuz olur. Uşaqların kitaba marağını artırmaq üçün məktəblərdə tədbirlər keçiririk. Bütün nəşriyyatlarla əlaqə qururuq. İstədiyimiz kitabı sifariş verə bilirik. Uzun illərdir ki, biz uşaq nəşriyyatları ilə - «Tutu», «Altun Kitab», «Beşik» və digərləri ilə işləyirik. «Altun Kitab» bizim ən çox sevdiyimiz nəşriyyatdır. Bu yaxınlarda «Altun Kitab» bizə 2 min ədəd kitab bağışlayıb. Onlar bilirlər ki, biz rayon uşaq kitabxanalarına tez-tez hədiyyələr göndəririk. Ona görə özümüz etdiyimiz sifarişdən əlavə hədiyyə kitablar da təqdim edirlər».
F.Quliyeva söhbət əsnasında onu da bildirdi ki, kitabxananın nəşr etdirdiyi «Göy qurşağı» jurnalından da danışdı: “Jurnal iki ayda bir dəfə çıxır. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə bu jurnal bütün rayon uşaq kitabxanalarına göndərilir. Biz çalışırıq ki, bu jurnalda uşaqların heç yerdə tapıb oxuya bilmədikləri materialları dərc edək. Jurnal çox sevilə-sevilə oxunur. Çünki uşaqların yaradıcılığına xüsusi yer veririk. Uşaqların rəsm əsərləri, hekayələri, şeirləri burda əksini tapır. Buna görə də, uşaqlar bu kitabı sevə-sevə oxuyurlar”.
Əsas problem odur ki, rayonlar heç bir uşaq nəşriyyatından kitablar almırlar. Ona görə də rayonlara mütəmadi olaraq kitablar göndərməyə çalışırıq. Uşaqlar kitabları çox sevirlər. Amma rayon kitabxanalarında bu sarıdan çatışmazlıqlar var. Keçən il Amerika səfirliyindən 10 min adda uşaq kitabı hədiyyə aldıq. Hər rayon kitabxanasına 150-dək kitab göndərdik. Bu gün hamı bu işə baş qoşmalıdır. İki il əvvəl İsmayıllı rayonuna 500 adda kitab hədiyyə göndərdik. Bazar günü oxu zalımız uşaqla dolu olur. Yeni ünvana köçəndən sonra burdakı evlərdən nə qədər uşaqlar gəlir. Valideynlər bizə təşəkkür edirlər ki, uşaqlar bu kitabxananı görəndən sonra artıq başqa işlərdən yayınıb, kitab oxumağa başlayıblar. Uşaqlar asudə vaxtlarını burda çox xoş keçirirlər”.
Kitabxana hazırda diaspor təşkilatları ilə də əlaqə yaradır. Bu əlaqələr əsasında xaricdə yaşayan Azərbaycan uşaqları ana dilində kitab oxuya biləcəklər. Artıq Türkiyə, Ukrayna və Estoniya ilə əlaqələr qurulub. Lakin kitabxana bütün dünyada yaşayan Azərbaycanlı uşaqlarla əlaqə yaratmağa və onları kitab ilə təmin etməyə çalışır.
Gülər