Özü “döz”, sözü “köz” kəlmələrini ehtiva edən şair
   
   “Mübarizə bu gün də var, yarın da,
    Mən də onun ən ön sıralarında!”
   Oxucu isə daim belə qələm, belə kəlamlar intizarında...
   Necə qələm? Elə qələm və kəlamlar ki, - daim həyatın içində, ətrafın diqqət nüvəsində, insan qəlbinin duyğu paytaxtında, ədəbiyyat aləminin kulminasiyasında, ədəbi-bədii təsərrüfatın şərt-“şum”unda, ictimai-siyasi xırmanın xalq mənafeyi “yabalaşmasında”, vətəndaşlığın bünövrəsində, milli təəssübkeşlik qəzəb-əsəbinin qan təzyiqi doğuşunda, lirik eşqin abır-həya halələrində, epik məhəbbətin xəlqi xanalarında...
   
   O aləm-qələm hökm-fərma qələmlərinin qəvi düşmən əlində olduğu vaxtlar söyləyirdi ki; “...hər şey bölünəndə Bakının da püşkünə internasionalizm düşüb”!..
   O qələm bəyanlayırdı ki; “...necə yəni, filankəsin “vaxtsız vəfatından kədərləndiyimizi bildirir, dərin hüznlə başsağlığı veririk”? Bəyəm vaxtında da ölən olur?”
   O “İkiaçılanlar”layırdı ki; “Yaşasın qadın azadlığı!” - dedi vələdüzzina, Şorgözlüklə baxdı baldızına”. “Adı peyğəmbərin adından, Özü - primitiv şeytan!”
   
   Anlamaq dərdi...
   
   Bu ustad öz çağlar nəzmi ilə ustadlar ustadı Mirzə Cəlilin ağlar-güləyən nəsrinə qüvvət verir, “Ölülər”dəki diri ölülərin davamçılarına üz tutub, “Qınamıram İsgəndəri - yaman olur anlamaq dərdi!..” - deyirdi.
   Bu dərdə “pentalgin”lər çarə qıla bilməz, qadam! Bu mərəzin çarəsi Rəsul-loğmanların “qələmgin”lərindədir. Çoxlarının “çörək ağacı” kimi baxdığı əşyada...
   Onun özüyçünsə milli-mənəvi qida, arzu-dilək qılıncı olan o “ağac” yazırdı ki; “Rza, yaz, Rza, durma, Rza, yaz!..”
   Bütün ədəbi-bədii hal və qalmaqallarda, ictimai-siyasi situasiyalarda, fəlsəfi-idraki taktlarda sözünün ağası olmuş bu böyük qələm qulu yorulmadan, usanmadan, çəkinmədən, hər beş-üç şeirindən bir çəkdiyi “başağrı”lardan bezikmədən yazdı. Və hələ ömrünün ortalarında ikən müasirlərindən birinin yazdığı kimi; “Rəsul durmadı - yazdı, yazdı, yazdı... Rəsul bu minvalla yazmasaydı, Rəsul Rza olmazdı!”
   O, bizim (və bir çox başqa şairlərin) görə bilmədiklərimizi qartal gözlərilə görür və onların poetik portretini yaradırdı. O, görünməzləri də görə bilirdi. Məsələn, qayğını gözlə necə görmək olar? Amma o bunu duyğularımızın obraz “subtitr”inə çevirmişdi: “Qayğı” sözü, qayğı - özü”. Biz bizdən rüşvət istəyən sosializm (sus(!)al(!)izm)-realizm məmurlarını, ali (?!) məktəb müəllimlərini, JEK “juk”larını məhkəməyə, mətbuata verə bilməyib, infarktlara, depressiyalara düşhadüş olan məqamlarımızda onun “yapış beləsinin ayağından, at belinə - ağzı hara düşə-düşə”, “belələri “aş”ın müqəyyəd qafiyəsi!” kimi həblərini qəbul edib, müalicə olunurduq...
   ...Və bir də görürdün, bu poetik-artillerik kişinin atəş-tikanlı şeirləri içərisindən əsrarəngiz bir bənövşə boylanır: “Gözlərinə denən ki, yuxuma girməsinlər...”
   Bəli, o durmadı, - yazdı, yazdı və nəinki təkcə bənzərsiz Rəsul Rza, həm də - sovetlərə qarşı bir az yumşaldılması üçün SSRİ Dövlət mükafatı laureatı (1951) və haqq-halal Xalq şairi (1960) oldu. Sonra ümummilli lider Heydər Əliyev ona, qurulduğu gündən kapitalizmin gözünə “gop”talizm külü üfürməyə başlamış sosializm paytaxtından Sosialist Əməyi Qəhrəmanı (1980) təltifatını da alıb verdi ki, bu ad “qara camaat”dan çox “Sarı dana”lara qayğı göstərən o mərkəzin gözünə “qələmi dinc durmayan” bu şair üçün “talisman”lıq etsin.
   Nəhayət, onun 19 may 1910-cu il doğum-başlanğıcını məzar-mənzil başına çatdıran 1 aprel 1981-ci il tarixçəsi (özü demişkən, hamı üçün “vaxtsız” ölüm) də gəldi. Bu qədər ciddi İnsan və
   
   Güləyən gün?..
   
   Zarafat? Bu əbədi dirinin ölümünə inanmamağımız üçün “yalan günü” hadisəsi?
   O, Müşfiq yoxluğuna “Qızılgül olmayaydı” ağlamışdı. Bəs onun özüyçün nə “qara”layaq? Bəlkə, nə qədər çalışsam da, ürəyimcə boyalanmayan bu yazı-obraza onun ecazkar-kaleydoskopial “Rənglər”indən yaxı qataq? Yazsaq ki, bu ölümlə ədəbiyyatımızın novatorluq ulduzu ölüşgədi - onun “Pəncərəmə düşən işıq” incisinin ruhu inciməzmi? Desək ki, əgər o, “Bir gün də insan ömrüdür” deyirdisə, niyə həkimlər ona, tutalım, 2 apreli də yaşatmayıblar, bəs onda “Xalq həkimi” poemasındakı neçə-neçə real və müqəyyəd suallar cavabsız qalmazmı?
   1 aprel... Ədəbi bir məktəb-karvanın bu dünyadan əbədi köçü... İnanmayaq? Əbədi sənəti, çox nadir orijinallığı, ağayana, ciddi, ədəbli şəxsiyyəti baxımından - bəlkə də. Cismanilik sarıdan isə həqiqət. Misraları söz dənizində, fikir dəryasında hər an diri balıq kimi çapalayan, oxucu diqqətini bir an belə “yad” getməyə qoymayan bu “neo-novella” şairin ölümü də orijinallıqda - ayların-günlərin zarafat “janr”ında nəşrləndi. Özü də sevgi-sevdaların “şanlı məktub”luq çağları dövründə yepyeni bir ərzi-üslubda yazdığı, “gözlərinə denən ki, yuxuma girməsinlər” dediyi ala gözlü yarı - Rəfibəyli Nigarı ilə eyni əlvida çapında, ayrılıq-“almanax”ında. Bu dünyaya bir gəlib, bir sevib, bir yazıb, o dünyaya da birgə qoşmaq peşində. Özü də folklorumuzun say-seçmə bir rəqəmi sonuna (“yeri göynəyən yeddilər”) bir sıfır əlavəsilə. Onlar həyatı, sənəti, ədəbiyyatı, həqiqəti necə sevirdilərsə, bir-birini də eləcə sevirdilər! Hər şeydə yeni olan, hər “nüktə”də bir neoluq axtaran, novatorluq hayqıran bu sevgililər sevgidə çox arxaik oldular. Bu barədə o vaxt onların daha bir müasiri daha gözəl, daha mənalı demişdi:
   
   Zalım dünya öz işində,
   Gəlişində, gedişində,
   Gəl, ağlayaq yetmişində
   Sevgili tək ölənlərə...
   
   Gözəl misralardır. Qənirsiz şair-sevgililər haqda gözəl sətirlər!
   
   Amma -
   
   Ölümsüzlərə ağlarlarmı?! Özüylə birgə, yazdığı nəsnələri də ölümsüz edən ölümsüzlərə! Onlardan biri də “Şuşam mənim” şeiri:
    Sinəsi qabarıq,
   nağıllardan gəlmiş
   pəhləvandır
   Şuşam mənim;
   Mərdliklə, gözəlliklə
   qoşam mənim.
   Azərbaycan torpağının
   nur parçası.
   İncə mahnılar yuvası,
   Pənahların yadigarı,
   Alagözlü,
   qarasaçlılar diyarı.
   
   Bu an qələm saxlayaq, göz qapayaq, “Rəsul Rza təfərrüatçı şair deyildi, amma gələcəyi də fikirləşdiyindən, tarix-oxucu üçün aşağıdakı misraları da yazmalıydı”-deyək:
   
   Səndə Cabbarın, Seyidin,
   Nəvvabın, Üzeyirin, Bülbülün,
   neçə-neçə nəğməkarın,
   qoç igidin
   nəğməsi var,
   nərəsi var.
   Könüllərdə
   neçə-neçə mahnıların
   zümzüməsi,
   sözü qalıb,
   Sənin doğma torpağında
   neçələrin gözü qalıb...
   
   Sağ olsaydı, danışdırardı “İsa bulağı”nı, “Qırxqız”ı, “Cıdır düzü”nü. Özü də onların öz dilində...
   Bu eyhamım “elə-belə”dən deyil. Deyirəm, bəlkə, iki məktəb ilidir ki, Natəvan qor-qoşmaları əvəzinə, Haykanuş-Vartan xosunlaşmaları eşidən o türk oğlu türk ünvanları daha öz dilimizdə danışa bilmir...
   Əgər çağımızın dağ dərdi, başımızın “baş problem”i olmasaydı, mən də bu dünya çaplı şairimizi lokallaşdırıb, bu “çəpəriçi” şeirini yox, cahanşümul notlu misralarından nümunələr verərdim...
   Və hələ deyim ki, onun yazıları tək elə qələmindən çıxanlar deyil ha! O öz həyatı ilə, əməllərilə də yazıb-yaradırdı; canından-qanından “cəmiyyət necə formalaşmalıdır”, “xalq necə millətləşməlidir”, “ziyalının vəzifələri”, “ər-ərənlik əxlaqı” kimi nəşriyyatlardankənar nümunəvilik əsərləri də saçırdı Rəsul Rza.
   Bu “janr”lı əsərlərinə, daha obrazlı desək, neçə-neçə sənətkarları da əlavə etmək olar; - ünlü şairlərimizdən rəhmətlik Əli Kərim, Məmməd Araz, çağdaşımız Fikrət Qoca. O şairlər ki, onlar da sözü oxucunun tək elə qulağına, hissinə yox, həm də - Rəsul Rza kimi - üzünə deyirlər: “Qaytar ana borcunu - o borc sənin özünsən - özünü qaytar ona!”, “Ey daşlaşan, torpaqlaşan ulu babam, Bu günümdən dünənimə uzaqlaşan ulu babam!”, “Güzgünü neyləyirsən, ay gözəl, Üzündə gör özünü, ay gözəl”...
   O, sonralar ideyalarına qarşı açıq misra-mübarizələr apardığı Vladimir İliçlər haqda (“Lenin” poeması) yazanda da mütləq birinciliyə nail olur, onların etno-doğmalarına göstərirdi ki, - xoş, ya naxoş - yazanda da, elə yox, belə yazarlar: “Mən hansı bir insana bənzədim ki, Lenini - Məzarının başında cahan ağlamış olsun?!” Və ya İliçin yatdığı həbsxananın keşikçisinə dair: “Zülmət dayanmışdır nurun keşiyində!..”
   Onun dedikləri... Bunlar çox olduğuna və başqa mətləblər haqda deməyə yer az qaldığına görə, birciyini söyləyim. Ensiklopediyada direktor işləyərkən əməkdaşlardan biri növbəti bir “qorxulu” (milli) informasiyanın yeni nəşrə salınıb-salınmaması ilə əlaqədar: “Rəsul müəllim, şəxsən mən bundan çox qorxuram, Siz necə?” - deyib, gözünü zillədiyi məqamda R.Rza ona: “Mən? Mən sənin bu “qorxuram” sözündən qorxuram...” cavabını verir.
   Etdikləri... Bu barədə çox tərif-təbliğ saçmağa, “Amerika” açmağa ehtiyac yox. Sadəcə, hansı yaşlarında hansı vəzifə başlarında olmasını xatırlatmaq kifayət.
   29 yaşında Azərbaycan Yazıçılar İttifaqının sədri, 35-ində Azərbaycanın kinematoqrafiya naziri, 50-sində Asiya və Afrika ölkələri ilə Respublika Həmrəylik Komitəsinin sədri. Və... 71-indən ölkənin Fəxri xiyabanında böyük Turanın ən fəxri mərhumlarından biri...
   Sonda bu aydınlar aydınının məlum və məşhur şeiri - ilk baxışda çox qaranlıq görsənən “Aydındır”ı haqda -
   
   Bir-iki kəlmə
   
   Bu “bir-iki kəlmə” ibarət olsun bundan ki, Rəsul Rzanı şairlikdə, obrazlılıqda, vəzifə-məmurluqda, ictimai xadimlikdə çox az başqaları ilə müqayisə etmək olarsa da, xəlqi təəssübkeşlik, milli (və şəxsi!) qürur, ziyalılıq kimi epitetlər düjünündə onun paralelinə düşə bilən lirikal kişi - bir başqa şairimiz demiş - “ya bir olar, ya iki”.
   İndi aşağıda oxuyacağınız misralardakı obrazı - “şeirin dili”ni yuxarıdakı xarakter-keyfiyyətlər “düjün”ünün hər biri ilə əvəz edə də bilərsiniz:
   
   Aydındır şeirin dili -
   İstəyirsən sevincdən,
   İstəyirsən - qəmdən yaz.
   O qədər aydındır ki bu dil, -
   Nadan yüz yol oxusa,
   Yenə bir şey anlamaz...
   
   Tahir Əhmədalılar