Beynəlxalq Muğam Festivalı ərəfəsində son konfrans oldu
Fevralın 7-də Azərbaycan Bəstəkarlar İttifaqında «Şərqin muğam-məqam sistemləri müqayisəli təhlildə» adlı elmi-nəzəri konfrans keçirildi. Konfrans martın 14-21-də Bakıda keçiriləcək II Beynəlxalq Muğam Festivalı və festival çərçivəsində düzənlənəcək simpoziuma hazırlıq məqsədi daşıyırdı.
Konfransda çıxış edən Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə artıq bir ildir ki, Beynəlxalq Muğam Festivalı ərəfəsində tədbirlər keçirildiyini nəzərə çatdırdı: “Festival çərçivəsində keçiriləcək simpozium çox mühüm tədbirdir. Çünki UNESCO səviyyəsində keçirilir. Simpoziumda dünyanın müxtəlif ölkələrindən 20-dək alim çıxış edəcək. 5-6 çıxış Azərbaycandan təqdim olunacaq. Onu da deyim ki, simpozium öz əhəmiyyətini daha da yüksəldib. Ona görə ki, bu artıq təkcə Azərbaycan musiqisinə, muğamına həsr olunan simpozium deyil, həm də məqam-muğam mədəniyyətinə həsr olunmuş alimlərin yığıncağıdır».
Sonra sənətşünaslıq namizədi Cəmilə Həsənova «Azərbaycan musiqisində məqamların qarşılıqlı əlaqələrinin tədqiqi məsələləri» mövzusunda çıxış etdi. Natiq böyük bəstəkar Üzeyir Hacıbəyli tərəfindən məqam nəzəriyyəsinin işlənib hazırlandığını bildirdi. Azərbaycan Milli Konservatoriyasının aspirantı Meyser Koyya “Rast” muğamının məqam və metro-ritmik xüsusiyyətlərinin müqayisəsi (eyniadlı İran, İraq, Buxara, Türk və Azərbaycan muğamı əsasında)” mövzusunda çıxış etdi. Bildirdi ki, Şərq musiqisinin məqam əsasları həmişə musiqiçiləri düşündürüb. Sənətşünaslıq namizədi Elmira Pənahovanın «Yaxın və Orta Şərqin musiqi sistemlərində məqam strukturlarının qarşılıqlı müqayisəsi» mövzusunda çıxışı oldu: «Yaxın və Orta Şərq xalqlarının musiqisini araşdıran zaman həmişə bir məqama - qohumluq əlaqələrinə fikir verirdik. Bu xalqlar daim bir-biriləri ilə münasibətdə olublar. Üzeyir Hacıbəyli də öz işlərində qeyd edib ki, Azərbaycan və bir çox Şərq, türk xalqlarının musiqi sistemi demək olar ki, eynidir».
Tədbirdə digər iştirakçıların da maraqlı çıxışları oldu.
Gülər