Fevralın 5-də böyük bəstəkar Qara Qarayevin anadan olmasının 93 ili tamam oldu. Bu münasibətlə keçirilən tədbirlərdən biri M.F.Axundov adına Milli Kitabxanada “Qara Qarayev. Həyat və yaradıcılığı Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin materiallarında” kitabının təqdimatı idi. Təqdimatda mədəniyyət və turizm naziri Əbülfəs Qarayev iştirak edirdi.
   
   Tədbiri Milli Kitabxananın direktoru Kərim Tahirov açaraq Azərbaycan musiqisinə dünya şöhrəti gətirən sənətkarlar arasında Qara Qarayevin xüsusi yer tutduğunu qeyd etdi, böyük bəstəkar, pedaqoq və ictimai xadimin sənətdə daim axtarışda olduğunu vurğuladı.
   Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva görkəmli bəstəkarın yaradıcılığına həsr olunmuş belə bir maraqlı kitabın nəşrinə verdiyi dəstəyə görə Heydər Əliyev Fonduna təşəkkürünü bildirdi. Kitabın elmi redaktoru, Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq namizədi Alla Bayramova kitabın məziyyətlərindən danışdı. Qeyd etdi ki, kitab Musiqi Mədəniyyəti Dövlət Muzeyində saxlanılan materiallar əsasında ərsəyə gəlib. Muzeydə 50 mindən artıq eksponatın saxlanıldığını, onların arasında Qara Qarayevin və onun sənət dostlarının, yaxınlarının fotoşəkillərinin, not və mətnlərin əlyazmalarının, afişalar, proqramlar, təsviri sənət nümunələri, bəstəkarın şəxsi kitabları və əşyalarının yer aldığını dedi.
   Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə, Milli Elmlər Akademiyasının müxbir üzvü, sənətşünaslıq doktoru, professor Zemfira Səfərova, Xalq artisti, bəstəkar Xəyyam Mirzəzadə, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, millət vəkili Rafael Hüseynov və başqaları çıxış edərək bəstəkarın yaradıcılığından, onun gözəl müəllim olmasından, neçə-neçə gözəl bəstəkarlar yetişdirməsindən danışdılar.
   Tədbirdə Azərbaycan Dövlət Simli Kvartetinin ifasında Qara Qarayevin əsərlərindən nümunələr səsləndi.
   Sonda Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanmış “Qara Qarayevin əsərləri” və “Qara Qarayev. Elektron məlumat bazası” adlı disklər nümayiş etdirildi və tədbir iştirakçılarına təqdim olundu. “Qara Qarayevin əsərləri” adlı diskdə bəstəkarın əsərləri, “Qara Qarayev. Elektron məlumat bazası” adlı diskdə isə sənətkarın həyat və yaradıcılığı, fəaliyyətinin əsas tarixləri, görkəmli şəxslərin onun haqqında dediyi fikirlər, Qara Qarayevə həsr olunmuş musiqi əsərləri, elmi əsərlər, fotoqalereya və s. yer alıb.   

    * * *   

   Böyük bəstəkarın əsərləri məktəblilərin ifasında
  
 
   Q.Qarayev adına 8 nömrəli uşaq musiqi məktəbinin kollektivi də görkəmli bəstəkar və pedaqoqun anadan olmasının 93-cü ildönümünü qeyd ediblər. Musiqi Mədəniyyəti Dövlət Muzeyində təşkil edilmiş tədbirdə məktəbin direktoru, Əməkdar müəllim Kamal Paşazadə və müəllim Elmira Pənahova dünya şöhrətli bəstəkar Q.Qarayevin həyat və yaradıcılığı barədə ətraflı məlumat veriblər.
   Bildirilib ki, bəstəkar “Yeddi gözəl” və “İldırımlı yollarla” baletləri, “Don Kixot” simfonik qravürləri, “Leyli və Məcnun” simfonik poeması, simfoniyaları, kamera-instrumental və vokal janrlarında yaratdığı əsərlər, teatr tamaşalarına və kinofilmlərə yazdığı musiqilərlə dünya mədəniyyəti xəzinəsinə böyük töhfə verib.
   Qara Qarayev böyük bəstəkar olmaqla yanaşı, ensiklopedik biliyə malik musiqiçi-alim və istedadlı pedaqoq olaraq milli bəstəkarlıq məktəbinin bir çox görkəmli nümayəndələrini yetirib. Tədbirdə musiqi məktəbinin şagirdləri Qara Qarayevin və onun tələbələrinin əsərlərini səsləndiriblər.

Yeganə