Milli Qəhrəmana həsr olunmuş kitab maraqla qarşılandı
Fevralın 4-də Dövlət Gənc Tamaşaçılar Teatrında Mədəniyyət və Turizm Nazirliyi və “Ozan” nəşriyyatının təşkilatçılığı ilə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimova həsr olunmuş “Turan Mübarizi” adlı kitabın təqdimat mərasimi keçirildi. Mərasimdə Mədəniyyət və Turizm, Müdafiə nazirliklərinin əməkdaşları, Milli Qəhrəmanın yaxınları, millət vəkilləri, ziyalılar, gənclər iştirak edirdilər.
Tədbiri giriş sözü ilə açan kitabın elmi redaktoru, filologiya üzrə fəlsəfə doktoru Asif Rüstəmli kitabda Milli Qəhrəman Mübariz İbrahimovun həyatı ilə bağlı maraqlı faktların, sənədlərin, məlumatların əks olunduğunu dedi. Kitabın təqdimatının Mübariz İbrahimovun ad günü (7 fevral 1988) ərəfəsinə təsadüf etdiyini vurğulayan A.Rüstəmli bildirdi ki, onun həyatı, qəhrəmanlığı, igidliyi gənclərə örnəkdir.
Mədəniyyət və Turizm Nazirliyinin Nəşriyyat, reklamın təşkili və informasiya şöbəsinin müdiri Vaqif Bəhmənli kitabla bağlı fikirlərini bölüşdü. Bildirdi ki, Mübariz İbrahimovun igidliyi sözlə ifadə oluna bilməyən qəhrəmanlıqdır: “Bu gün Azərbaycan ordusunda Mübariz İbrahimov kimi zəngin mənəviyyatlı, tərbiyəli, özünü Vətən uğrunda qurban verməyə hər an hazır yüzlərlə igid var. Mübariz İbrahimovun şəhid olması şüurlu, dərk olunmuş müqəddəs ölümdür. Onun igidliyi, qəhrəmanlığı heç vaxt unudulmayacaq. Hər kəs bu qəhrəmanlığa öz vəfa borcunu verməlidir. İnanıram ki, Mübariz haqqında filmlər çəkiləcək, rəsm əsərləri yaranacaq, sənət adamları zaman-zaman bu mövzuya müraciət edəcəklər”.
Tədbirdə Milli Qəhrəmanın həyatından bəhs edən çıxışlar oldu, ədəbi-bədii, musiqili kompozisiya nümayiş etdirildi. Qeyd edək ki, polkovnik Yəhya Yusif Canıyarın müəllif olduğu “Turan Mübarizi” kitabında M. İbrahimovla bağlı rəsmi sənədlər, ölkə başçısı İlham Əliyevin Milli Qəhrəmanla bağlı söylədiyi fikirlər, elm və mədəniyyət xadimlərinin, ziyalıların, Mübarizi tanıyan insanların ürək sözləri, şeirlər, məqalələr, fotoşəkillər və digər materiallar yer alıb.
Ceyhun