Mədəniyyət və Turizm Nazirliyi UNESCO-nun Moskva Bürosu və Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq-Tətbiqi Sənəti Dövlət Muzeyi ilə birlikdə “Azərbaycan xalçaçılıq ənənələri və bədii sənət sahələrinin saxlanılması və təbliği məqsədi ilə muzey təhsil proqramlarının inkişafı üzrə” layihə həyata keçirir.
Məqsəd xalçaçılıq sənətinin incəliklərinin öyrənilməsi və bu sahənin cəmiyyətin bütün təbəqələrinin maraq dairəsinə çevrilməsidir. Fevralın 11-də Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq-Tətbiqi Sənəti Dövlət Muzeyində bu layihə üzrə “Azərbaycan xalçaçılıq ənənələri muzey təhsilində” mövzusunda təlim-seminar keçirildi. Sayca ikinci olan (ilk tədbir yanvarda keçirilib) təlim-seminarda 14 bölgənin tarix-diyarşünaslıq muzeyinin əməkdaşları iştirak etdilər.
Muzeyin elmi katibi Gülşən Hüseynova və muzeyin kütləvi işlər şöbəsinin müdiri Aygün Abasova muzey təhsili barədə seminar iştirakçılarına ətraflı məlumat verdilər. G.Hüseynova muzey təhsili barədə fikirlərini seminar iştirakçıları ilə bölüşdü: “Muzey təhsili qeyri-rəsmi bir təhsil, insanların ilk mənbədən bilik əldə etməsidir. Bizim muzeyin 15 minə yaxın eksponatı var. Onlardan 6 mini sırf xalça və xalça məmulatlarıdır. Azərbaycan xalçaçılıq sənəti UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilib. Muzey təhsilinin bu gün önəmli məqsədi Azərbaycan xalçasında yeni nəfəsin, ənənələrin yaşadılması və inkişafıdır. Bu məqsədlə muzeydə istər orta məktəb şagirdləri, gənclər, yaşlılar, istərsə də ailələr üçün müxtəlif təhsil proqramları həyata keçirilir. “Öz xalçanı yarat” proqramı gənc nəslə ornamentlərin, qədim xalçaçılıq sənətinin sirlərini öyrədir. Bundan əlavə “Azərbaycanın toy adətləri” adlı proqramda Azərbaycan xalçasının müxtəlif adətlərdə istifadə qaydaları nəzərə çatdırılır”.
Seminarda muzey təhsili ilə yanaşı, bölgələrdə xalçaçılıq sənətinin inkişaf meylləri haqqında da fikir mübadiləsi aparıldı.
Təranə Vahid