Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin binasında prezident təqaüdçüsü, tanınmış şairə Nurəngiz Günün “Xocalı simfoniyası” poeması əsasında çəkilmiş televiziya filminin nümayişi keçirildi. Film Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət” kampaniyası çərçivəsində ərsəyə gəlib.
   Tədbiri giriş sözü ilə açan Ağamusa Nağıyev adına “Milli dəyərlərin qorunması” fondunun rəhbəri Dilarə Nağıyeva şairənin əsərlərindən bəhs edərək “Xocalı simfoniyası” poemasının onun yaradıcılığında xüsusi yer tutduğunu dedi: “Xalqımıza qarşı törədilmiş ümumbəşəri cinayətləri ifşa edən bu əsər Nurəngiz Günün ürək ağrısı və zəhməti ilə başa gəlib. O, ata-baba yurdlarından qovularaq qaçqın və məcburi köçkünə çevrilmiş bir milyondan artıq insanın taleyinə biganə qala bilmədi. Nurəngiz Gün əsər boyu tamaşaçını inandıra bilir ki, insanlığa qarşı yönəlmiş heç bir cinayət cəzasız qalmamalıdır”.
   Ağamusa Nağıyev adına “Milli dəyərlərin qorunması” fondu və “Qafqaz Media” İctimai Birliklərinin birgə səyi nəticəsində nümayiş olunan “Xocalı simfoniya”sı filmində ermənilər tərəfindən müxtəlif illərdə xalqımıza qarşı törədilən faciələr şairə Nurəngiz Günün səsi ilə ictimaiyyətə çatdırılır. Rejissor Şahmar Qəriblinin quruluşu ilə hazırlanmış film İsveçrədə nümayiş olunub. Yaxın zamanlarda filmin başqa Avropa ölkələrində göstərilməsi nəzərdə tutulub.
   Tədbirdə millət vəkilləri Gülər Əhmədova, Jalə Əliyeva, Xalq şairi Söhrab Tahir və başqa qonaqlar çıxış etdilər.   

   Yeganə