Azərbaycanın Türkiyədəki səfirliyində təşkil edilən bayram tədbiri Türkiyənin ictimai həyatında və xeyriyyəçilik işlərində fəal olan qadınları bir araya gətirib. Ölkəmizin Ankaradakı səfirinin xanımı Lalə Bağırova qonaqları salamlayaraq onları 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib. Daha sonra tədbirdə Azərbaycanın qəhrəmanlıq tarixinə adını yazdıran, müxtəlif dövrlərdə mədəniyyətimiz və ədəbiyyatımızın inkişafında müstəsna rol oynayan xanımlar haqqında məlumat verilib.
   Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın çoxşaxəli fəaliyyətini əks etdirən videoçarx tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb. Tədbir iştirakçıları Azərbaycanın zəngin mədəniyyəti ilə də tanış olublar. Ankaradakı Hacıtəpə Universiteti Konservatoriya fakültəsinin tələbələrinin ifasında təqdim edilən milli rəqslərimiz tədbirə xüsusi rəng qatıb.    

    Mehparə