Türkiyə
Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı TÜRKSOY-un təşkilatçılığı ilə Türkiyədə Novruz şənlikləri keçirilib. Şənliklərdə Azərbaycan, Türkmənistan, Qazaxıstan, Qırğızıstan və Rusiya Federasiyasının Tatarıstan Muxtar Respublikasından gəlmiş folklor qrupları iştirak ediblər.
Ankarada ilk Novruz şənliyi Keçiörən rayonunda keçirilib. Rayon bələdiyyəsinin sədri Mustafa Ak və TÜRKSOY-un baş katibi Düsen Kaseinov Novruzun bütün türk dünyasının bayramı olduğunu, bu şənliklərin türkdilli xalqların həmrəyliyinə xidmət etdiyini bildiriblər. Şənlikdə Novruz tonqalı qalanıb, folklor qruplarının konserti olub.
Türkiyə Mədəniyyət və Turizm Nazirliyi və TÜRKSOY-un ənənəvi Novruz şənliyi isə Ankaranın “Gənclik” parkında keçirilib. Türkiyənin mədəniyyyət və turizm naziri Ərtoğrul Günay, Azərbaycanın Ankaradakı səfiri Faiq Bağırov, türkdilli ölkələrin səfirləri və TÜRSOY-un baş katibi Düsen Kaseinov türk dünyasının birliyinin simvolu olan “dəmir döyülməsi” mərasimində iştirak ediblər. Bayram tədbirləri çərçivəsində Ankaradakı Qazi Universitetində “Novruz - türk dünyasının bayramı” mövzusunda konfrans keçirilib. Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan da türk dünyası xalqlarını Novruz bayramı münasibətilə təbrik edib.
* * *
Azərbaycanın Türkiyədəki səfirliyində də Novruz bayramı münasibətilə ziyafət təşkil olunub. Tədbirdə Türkiyə Prezident administrasiyasının baş katibi Mustafa İsen, Ankarada akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri, xarici işlər və mədəniyyət nazirlərinin müavinləri, parlament üzvləri, diaspor təmsilçiləri iştirak ediblər. Milli rəqslərimiz tədbir iştirakçıları tərəfindən böyük rəğbətlə qarşılanıb.
İtaliya
Azərbaycanın İtaliyadakı səfirliyi Novruz bayramı münasibətilə Milanda ziyafət təşkil edib. “Milan Marriott” mehmanxanasında keçirilmiş ziyafətdə 150-dək qonaq iştirak edib. Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqov qonaqları salamlayaraq, Novruzun xalqımızın ən qədim ənənəvi bayramlarından olduğunu qeyd edib, onun adət-ənənələrindən danışıb.
Qonaqlara maraqlı konsert proqramı da təqdim edilib. Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə təşkil edilmiş konsertdə muğam üçlüyü və rəqs qrupu qonaqlara Azərbaycanın xalq musiqisi və milli rəqslərindən nümunələr göstəriblər. Ziyafətdə Azərbaycana dair qısametrajlı film göstərilib, ölkəmiz haqqında çap materialları qonaqlara təqdim edilib.
Gürcüstan
Tbilisidəki M.F.Axundov adına Azərbaycan Mədəniyyət Muzeyinin təşkilatçılığı ilə Novruz bayramı münasibətilə şənlik keçirilib. Azərbaycan və gürcü ictimaiyyətinin, Gürcüstan dövlət və hökumət nümayəndələrinin iştirakı ilə baş tutan tədbirdə muzeyin direktoru Leyla Əliyeva Gürcüstanda Novruzun ümumxalq bayramı kimi keçirilməsinə görə bu ölkənin rəhbərliyinə təşəkkür edib. Şənlikdə çıxış edən azərbaycanlı və gürcü natiqlər Novruz bayramının tarixindən, iki xalqın dostluğunun əbədiliyindən, bu gözəl münasibətləri daha da inkişaf etdirərək gələcək nəsillərə ötürməyin zəruriliyindən danışıblar. İncəsənət ustaları Azərbaycan və gürcü mahnılarını ifa ediblər.
Özbəkistan
Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində böyük Novruz şənliyi keçirilib. Şənliyə toplaşanları Azərbaycanın Özbəkistandakı səfiri Namiq Abbasov salamlayaraq ötən il ölkəmizin təşəbbüsü və digər ölkələrin dəstəyi ilə Novruzun (21 mart) BMT-nin Baş Məclisi tərəfindən beynəlxalq bayram kimi tanındığını nəzərə çatdırıb.
Mərasimdə “Qarabağ” ansamblının solisti Yusif Əliyev, həmçinin Rəna Əzizova, Zeynəb Kərimova, “Azəri qızları” uşaq rəqs ansamblının üzvləri muğam, xalq mahnıları və rəqslərimizi ifa ediblər. Səmərqənd və Sırdərya vilayətlərindən gələn Azərbaycan ansambllarının üzvləri Əlisahib Qəmbərov, İnarə Məmmədova və başqaları çıxış ediblər.
* * *
Daşkənddəki milli mədəniyyət mərkəzləri Babur adına bağda böyük bayram şənliyi keçiriblər. Azərbaycan Mədəniyyət Mərkəzinin təşkil etdiyi guşəyə gələnlər şəkərbura, paxlava, qoğal və digər şirniyyatlarımızdan dadıblar. “Azəri qızları” rəqs ansamblının üzvləri mahnı və rəqslərimizi ifa ediblər.
Səudiyyə Ərəbistanı
Martın 24-də türkdilli ölkələrin təşkilatçılığı ilə Türkiyənin Ər-Riyaddakı səfirliyinin ərazisində Novruz bayramına həsr olunmuş şənlik keçirilib.
Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfirliyindən bildiriblər ki, Novruz şənliyində təşkilatçı ölkələrin diaspor nümayəndələri, yerli ictimaiyyətin, diplomatik korpusun əməkdaşları iştirak ediblər. Bayram şənliyində səfirliyimizin Azərbaycanın milli geyimləri, milli ornamentlə işlənmiş suvenirlər, Novruz atributlarını özündə əks etdirən xörəklər, şirniyyatlar və əl işləri ilə iştirakı qonaqların xüsusi marağına səbəb olub. Azərbaycan səfirliyinin əməkdaşları qonaqlara ölkəmizdə Novruz bayramının qeyd edilməsi, tarixi, onun atributlarının məna çalarları haqqında geniş məlumat veriblər.
Amerika
Vaşinqtondakı Azərbaycan Ticarət və Mədəniyyət Mərkəzi Merilend ştatının Rokvill şəhərində yerləşən “Qlenvyu” Mədəniyyət Evində Novruz bayramı münasibəti ilə şənlik keçirib. Soydaşlarımız Vətəndən uzaqda yaşasalar da, Azərbaycan xalqının əziz bahar bayramını şəkərbura, paxlava və s. nemətlərimizlə bəzədilmiş xonçalar, bayram tonqalı ilə qarşılayıblar. Novruz bayramı şənliyində ABŞ-ın “İpək Yolu" Rəqs Ansamblı qonaqlar qarşısında Azərbaycan milli rəqsləri ilə çıxış edib. İmamyar Həsənov isə kamançada Azərbaycan xalq və bəstəkar musiqi nömrələri ifa edərək qonaqları sevindirib. Azərbaycanın ABŞ-dakı səfiri Yaşar Əliyev həmvətənlərimizə Azərbaycan hökuməti adından Novruz təbriklərini çatdırıb.
Almaniya
Almaniyada akkreditə olunmuş 8 ölkənin (Azərbaycan, Qazaxıstan, Qırğızıstan, İran, Tacikistan, Türkiyə, Türkmənistan və Əfqanıstan) səfirliyinin birgə təşkilatçılığı ilə Novruz bayramı tədbiri keçirilib. Martın 24-də Berlindəki “Maritim” otelində keçirilən tədbirə Almaniya Bundestaqının, dövlət və qeyri-hökumət təşkilatlarının, elm və mədəniyyət dairələrinin təmsilçiləri, diaspor nümayəndələrindən ibarət 1000-dən çox iştirakçı qatılıb.
Təşkilatçı ölkələrin incəsənət ustaları növbə ilə maraqlı çıxışlar ediblər. Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı rəqs qrupunun məharətli çıxışı çoxsaylı tamaşaçıların sürəkli alqışları ilə qarşılanıb.
İsveç
Stokholm şəhər kitabxanasında beynəlxalq Novruz bayramına həsr edilmiş sərgi açılıb. İsveçdə fəaliyyət göstərən “Birlik” azərbaycanlılar təşkilatının dəstəyi ilə açılan sərgidə soydaşlarımızın Bahar bayramına həsr edilmiş rəsmləri və əl işləri nümayiş etdirilib. Yerli ictimaiyyəti Azərbaycan mədəniyyəti ilə tanış etmək məqsədilə sərgidə respublikamızda Novruz bayramının tarixi və keçirilməsi barədə məlumat da öz əksini tapıb.
Şimali Kipr
Şimali Kipr Türk Cümhuriyyəti Doğu Akdeniz Universitetində Azərbaycanlı Tələbə Cəmiyyətinin təşkilatçılığı ilə Novruz bayramı təntənəli şəkildə qeyd olunub. Tədbirə Şimali Kipr Tükr Cümhuriyyətinin dövlət numayəndələri, rektorluq və xarici tələbələr də qatılıb. Şənlikdə Azərbaycanın tanınmış incəsənət xadimi Cahangir Novruzov, estrada müğənniləri Sevda Ələkbərzadə və Cəmalə Əliyeva iştirak ediblər. Azərbaycan rəqsləri tədbirə əlavə rəng qatıb. Tədbir zamanı qonaqlara Azərbaycan milli mətbəxinin yeməklərindən və şirniyyatlarından təqdim olunub.