Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 11 may 2012-ci il tarixli sərəncamına əsasən, dünya şöhrətli Azərbaycan musiqiçisi və bəstəkarı Müslüm Maqomayevin 70 illik yubileyi geniş tədbirlərlə qeyd edildi. İstedadlı şair Vaqif Bəhmənlinin böyük ürək, şövq və məhəbbətlə qələmə aldığı və dahi müğənninin işıqlı xatirəsinə həsr etdiyi “Maqomayev planeti” kitabı da həmin sərəncam əsasında nəşr olunub.
   
   “Elm və təhsil” nəşriyyatında nəfis tərtibatla çapdan çıxan kitabın əvvəlində müəllif yazır: “XX əsr vokal və estrada musiqisinin parlaq simalarından biri Müslüm Maqomayevdən bəhs edən bu mətnlərin müəllifi böyük müğənninin tanınmağa başladığı illərdə ucqar bir kənddən Bakıya gələn, heç bir musiqi təhsili və qabiliyyəti olmayan, yetkinləşmə dövrü vokal və estrada musiqisindən tamamən uzaq, əksinə, xalq mahnılarının, muğamatın beşiyində duyğulanan milli bir şairdir”.
   Bu səmimi etirafdan sonra müəllif Müslüm Maqomayevin milyonlarla pərəstişkarına üz tutur: “...Milyonlarla insana Müslüm Maqomayevin səsini, ifalarını, şəxsiyyətini bu qədər doğma, səmimi və anlaşılan edən nədir?” və əlavə edir: “Böyük sənətin təsir mənbəyini izah etmək həmişə çətindir. Əlbəttə, burada Tanrı möcüzəsini də etiraf etmək lazım gəlir...”
   Vaqif Bəhmənli kitabın girişində sözlərini belə tamamlayır: “Astroloqlar kəhkəşanda planetlərdən birini “Maqomayev” adlandırmışlar. Tam əmin ola bilərsiniz ki, o, planetin tərkibi istedad, idrak və zəhmətdən ibarətdir - adaşı Müslüm Maqomayevdə olduğu kimi...”

   Tanıdığımız qədər tanımadığımız Müslüm Maqomayev
   
   Kitabda Azərbaycan və Rusiyanın məşhur opera və estrada müğənnisi, bəstəkar, SSRİ-nin və Azərbaycanın Xalq artisti Müslüm Maqomayevin həyatı, sənəti barədə yığcam və dolğun məlumat verilir.
   Azərbaycanın mədəniyyət və musiqi tarixində eyni adı və soyadı daşıyan iki parlaq istedad bəllidir. Baba və nəvə Müslüm Maqomayev.
   Müəllif Azərbaycan opera sənətinə “Şah İsmayıl” və “Nərgiz” adlı iki əsər bəxş edən Müslüm Maqomayev haqqında ətraflı söz açır. Baba Müslümün iki oğlu olur: Camal və Məhəmməd.
   “Bu kitabın qəhrəmanı Müslümün atası Məhəmməd teatr rəssamı olur. Bakıda və Maykopda tamaşalara quruluş verdiyi bəllidir. Məhəmməd Maykopda türk qızı, teatr aktrisası Ayşətlə tanış olur”.
   Məhəmməd bu xanımla evlənib Bakıya gəlir. İkinci Dünya müharibəsinin başlanması Məhəmmədin arzularını yarımçıq qoyur, o cəbhəyə yollanır. Oğlunun doğum xəbərini də döyüş səngərlərindən birində alır. Məhəmməd 9 May - Qələbə Gününə 9 gün qalanda həlak olur.
   “Həmin ağır illərdə Stalin təqaüdçüsü aktrisa Ayşət teatr karyerasını seçərək Vişnıy Voloçyoka köçdü. Öz həyatını yaşayan Ayşət ərə getdi...”
   Körpə Müslüm əmisi Cəmilin himayəsində qalır.
   İllər keçəcəkdi, balaca Müslüm böyüyüb erkən yaşlarında şöhrət tacını başına qoyacaq, milyonların kumirinə çevriləcək, seviləcək, seviləcəkdi...
   Nikolay Nadejdinin “Müslüm Maqomayev. Uğurun sirri” kitabında dünya şöhrətli müğənni öz uşaqlıq və yeniyetməliyindən isti və səmimi xatirələr danışacaq, əmisinin bağındakı kino qurğusundan söz açacaqdı.
   Kitabda oxuyuruq: “Bəlkə də Müslüm ilk dəfə sənət tilsiminə bu filmləri izləyəndə düşüb...”
   
   İllər, uğurlar, alqışlar...
   
   “...1956-cı ildə Konservatoriyada təşkil edilən bir konsertdə Müslümün qeyri-adi səsindən xəbər tutdular. Konservatoriyanın nəzdindəki musiqi məktəbində vokal sinfi yox idi. Müslüm fitri istedadı və ürəyinin istəyi ilə ariya və romansları ifa edir, eşidənləri heyrətə salırdı. Müğənninin ilk ifası Pyotr İliç Çaykovskinin “Mazepa” operasından parça olmuşdur. Vokal sənətinin sirlərinə yiyələnmək üçün istedadlı yeniyetmə Asəf Zeynallı adına Musiqi Məktəbində təhsil alır”.
   Uğurun başlanğıcı, sənətə sonsuz sevgisi, qanadlı arzular Müslümü durmadan səsləyirdi...
   “1963-1968-ci illər... Beş illik Konservatoriya təhsilindən dərhal sonra (o, Şövkət Məmmədovanın sinfini bitirib) Müslüm Maqomayev Milana, “La Skala” teatrındakı kursa yollandı.
   “Kremlin Qurultaylar sarayı - Şarl Qunun “Faust” operasından Mefistofelin kupletləri, Üzeyir Hacıbəylinin “Koroğlu” operasından Həsən xanın ariyası...
   Tamaşaçılar elə ilk illərdən duyurdu ki, Müslümün bariton səsi heyrətamiz dərəcədə elastikdir, böyük istedadın ən sirli istəklərini, insan qəlbinin fövqəladə təsirə malik çırpıntılarını ifadə etməyə qadirdir...”
   1966-cı ildə o, Parisin Olimpiya teatrında uğurla çıxış edir, 1968-1970-ci illərdə Sovet İttifaqının ən populyar müğənnisi kimi şöhrət tapır.
   İki dəfə Kann festivalında “Qızıl val”la mükafatlandırılır. Onun ifalarından ibarət albom 4 milyon tirajla yayılır.
   Sopot şəhərində keçirilən (1969) IX Beynəlxalq estrada mahnı ifaçılarının müsabiqəsində iki nominasiya üzrə birinci yeri qazanır.
   “1972-ci il. Müslüm 30 yaşındadır. Polşada olarkən qardaşlıq qəbiristanlığında atasının məzarını tapır. “Sonuncu akkord” əsəri belə yaranır. Mahnıda deyildiyi kimi:
   Polşaya gətirib çıxardı oğlu
   bircə yol görmək üçün atasını.
   Ata yerinə
   qərib bir məzar tapdı oğul.
   Baş əydi oğul
   az qala özüylə yaşıd olan
   atasının ruhu qarşısında...
   “Maqomayev planeti” kitabında Müslüm Maqomayevin həyatının ən kədərli və ən xoş anları zərif hislərlə qələmə alınıb. Dünya şöhrətli müğənninin görünməyən tərəfləri yüksək peşəkarlıqla işıqlandırılıb.
   Kitabda oxuyuruq: “...Həyatının 50 ilini şöhrət zirvəsində yaşayan müğənni uzun illər şəxsi evə sahib olmamış, “Rossiya” mehmanxanasının ən uzunömürlü kirayəçisinə çevrilmişdir. Onun bank hesabı, maşını yox idi. Həyat prinsipi, “Gözləmə, qorxma, heç kəsə əl açma” idi. Yaşamı musiqinin axarı, məkanı məşq zalı, konsert səhnələri, restoranlar, otel odası, tənhalıq, siqaretlər...”

   “Əbədiyyətin doğuluşu”
   
   Kitabda həmçinin Vaqif Bəhmənlinin ürəyinin qanı və sonsuz kədəri ilə Müslüm Maqomayevin ölümünə ithaf etdiyi “Əbədiyyətin doğuluşu” poeması yer alır.
   Bu, sıradan bir poema deyil, Müslüm səsinə, Müslüm sənətinə vurğun olan, onun ölümü ilə barışa bilməyən milyonların kədərinin, hıçqırıqlarının, göz yaşlarının ifadəsidir.
   
   Proloq
   
   Bu da sonu
   möhtəşəm
   və sanki əbədi
   harmoniyanın;
   hönkürüb ağladıqca
   gözlərindən
   səs tökülür
   Filarmoniyanın.
   
   Heç kim Səsin ölümünə inanmır. Bu Səsin sahibi ölə bilməzdi...
   
   ...Və bütün Azərbaycan
   üstünə gələn
   qara xəbərdən
   təntiyərək,
   həm də səsini
   içinə salıb
   yıxıla-yıxıla
   dura-dura
   axırdı ora.
   Poemada ara-sıra ölməz Müslümün ilahi səsi onu sevənlərə təsəlli verir...
   Öz xoşuna
   deyildi kimsə,
   ayrı səsə
   baş qoşan
   deyildi kimsə
   “Ömrümün mənasısan,
   anamın anasısan,
   Azərbaycan,
   Azərbaycan...
   Azərbaycan” - deyə
   haylayaraq
   ucadan,
   uşaqdan,
   gəncdən,
   qocadan
    tutmuş hər kəsi,
   yəni 9 milyon səsi,
   9 milyon nəfəsi
   çağırırdı Müslüm!
   
   Hamı Müslümü, əslində Səsi axtarırdı...
   
   ...Sükut dəryasının
   dibinə çökürdü
   içi sirlərlə,
   sevgilərlə,
   almazlarla,
   brilyantlarla,
   cəvahirlərlə dolu
   TİTANİK!
   
   Müğənni susur, şair dünyanın ən gözəl səsinin susmağı ilə barışa bilmir:
   ...İllər qovar illəri
   əlçatmaz xəyal olar.
   Müslümün adına məzar
   dönüb bir royal olar...
   
   Bu, Müslüm əfsanəsinin sonu deyil.
   
   ...Epiloq
   
   Müslümün sükutunu
   Tanrı pozar bu dəfə,
   Bu dəfə tanrı oxuyar,
   Hamı susar bu dəfə;
   “Hər gecəm oldu kədər,
   Qüssə, fəlakət sənsiz...”
   
   “Maqomayev planeti” kitabı böyük sənətkarın həyatı və sənəti haqqında səsin işığında yazılmış qiymətli bir kitabdır. Kitabda müğənninin nadir fotoşəkilləri çap olunub. Mətnlər Azərbaycan, rus, ingilis dillərində oxucuya təqdim olunur.
   “Maqomayev planeti” ilə yaxından tanış olmaq istəyirsinizmi?
   
   Təranə Vahid