TRT-nin Bakı nümayəndəliyinin çəkdiyi sənədli film nümayiş olundu
   
   Martın 30-da Türkiyənin Azərbaycandakı səfirliyində TRT-nin Bakı nümayəndəliyinin lentə aldığı «Nə üçün qətl edilirik?» adlı sənədli filmin təqdimat mərasimi keçirildi. 
   
   Film 1918-ci ilin martında erməni quldur dəstələrinin azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımından bəhs edir. Filmin nümayişindən əvvəl TRT-nin Bakı nümayəndəsi Yüksəl Dəyərcan çıxış edərək xalqımıza qarşı baş vermiş qırğınlardan bəhs etdi: «Bu günə qədər azərbaycanlılara qarşı 31 Mart, 20 Yanvar, 26 Fevral kimi qırğınlar baş verib. Dünya bu qanlı olaylara hələ də susur. TRT-nin Bakı nümayəndəliyi bu susqunluğu aradan qaldırmaq istədi və «Nə üçün qətl edilirik?» adlı sənədli filmini çəkdi. Biz nədən qətllərə məruz qalırıq? Ona görə ki, türkük, müsəlmanıq».
   Sonra 1918-1920-ci illərdə və ötən əsrin sonlarında ermənilər tərəfindən Azərbaycanda həyata keçirilən qətliamlar, Xocalı soyqırımı barəsində faktlara əsaslanan kadrlar, tarixçi-professor Cəbi Bəhramov və digər ekspertlərin şərhlərinin yer aldığı film nümayiş etdirildi. Filmdən məlum olur ki, 1918-1920-ci illərdə on minlərlə insan erməni dəstələri tərəfindən qətlə yetirilib, qan qardaşlarının harayına gəlmiş Osmanlı imperiyasının Qafqaz İslam Ordusu Bakıya daxil olmaqla Azərbaycan torpaqlarını azad edərkən 1130 şəhid verib. Filmdə 1918-ci ildə ermənilərin qətlə yetirdiyi insanların kütləvi dəfn olunduğu Quba məzarlığında çəkilən kadrlar da maraq doğurur.
   Tədbirdə çıxış edən Türkiyənin ölkəmizdəki səfiri Hulusi Kılıc vurğuladı ki, Türkiyə hər zaman Azərbaycanın, Azərbaycan isə Türkiyənin yanında olacaq: “Belə bir filmin çəkilməsi də bizim birliyimizi göstərir və bunu dəyərləndirmək lazımdır».
   
   Mehparə