Aprelin 15-də Sumqayıt Şəhər Mərkəzləşdirilmiş Kitabxana Sistemində tanınmış şairə, tərcüməçi, Xalq şairi Nigar Rəfibəylinin 100 illik yubileyinə həsr olunmuş bədii qiraət müsabiqəsi keçirildi.
   
   Müsabiqəyə MKS ilə yanaşı, Mərkəzi kitabxana və filialların fəal oxucuları qatılmışdı. Tədbiri Azərbaycan Yazıçılar Birliyi Sumqayıt bölməsinin sədri, müsabiqənin münsiflər heyətinin rəhbəri, şair Sabir Sarvan açaraq Nigar Rəfibəylinin Azərbaycan poeziyasındakı yerindən danışdı. Onun ədəbi irsinin bu gün də aktual olduğunu bildirdi.
   Sonra müsabiqəyə start verildi. Məktəbli oxucular Nigar Rəfibəylinin şeirlərini bədii qiraət etdilər. Münsiflər heyətinin qiymətləndirməsinə əsasən, “Sevgilim görüş istəyir” şeirini təqdim edən 6 nömrəli filialın oxucusu Nisə Cəbrayılova birinci, “Əqrəb və qurbağa”nı qiraət edən Ruslan Murtuzov və “Bir kəlmə söz” şeirini söyləyən Rəna Səmədova isə (7 nömrəli filial) ikinci yeri qazandılar. 2 nömrəli filialın oxucuları Samirə Xanməmmədova, Səlbi İsmayılova “Dənizdə batan günəş”, “Bir yaralı əsgər yatır”, N.Gəncəvi adına uşaq kitabxana-klubun oxucusu Nəzrin Fəyyaz “Sevinc və Gülşən” şeirlərinin bədii qiraətinə görə üçüncü oldular.
   Müsabiqənin qaliblərinə və iştirakçılarına Rəsul Rza, Nigar Rəfibəyli, Anar, Fikrət Qoca və başqa ədiblərin kitabları hədiyyə olundu.
   
   Fariz Yunisli