Azərbaycanın mədəniyyətlərarası dialoq sahəsində təşəbbüsləri dünyada sülh və əməkdaşlığa mühüm töhfədir
   
   Bakıda təşkil olunan Dünya Mədəniyyətlərarası Dialoq Forumu son bir neçə ildə ölkəmizin bu sahədə həyata keçirdiyi təşəbbüslərin, ölkəmizin ev sahibliyi ilə gerçəkləşən və beynəlxalq sülh və əməkdaşlığa mühüm töhfə olan tədbirlərin məntiqi davamıdır. 
      
   Məlum olduğu kimi, mədəniyyətlərarası dialoqa həsr olunan Dünya Forumu barədə təşəbbüs 2008-ci ilin dekabrında Avropa və region ölkələri mədəniyyət nazirlərinin iştirakı ilə Bakıda keçirilən konfransda Azərbaycan prezidenti İlham Əliyev tərəfindən irəli sürülüb. “Bakı Prosesi” adını alan təşəbbüs Azərbaycan rəhbərliyinin mədəniyyətlər və sivilizasiyalar arasında dialoq və işbirliyinə verdiyi önəmin bariz nümunəsidir.
   Son illər mədəniyyətlər və sivilizasiyalararası dialoq sahəsində keçirilmiş beynəlxalq səviyyəli tədbirlərin statistikasına və coğrafiyasına diqqət yetirsək aydın şəkildə görərik ki, bu sahədə təşəbbüslərin böyük əksəriyyəti Azərbaycan tərəfdən gəlib. Ötən müddətdə atılan əməli addımlar, irəli sürülən ideya və təşəbbüslər də bunu deməyə əsas verir. Bu xüsusda ölkə rəhbərliyi, hökumət qurumları ilə yanaşı, qeyri-dövlət xətti ilə görülən işləri, ilk növbədə, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüslərini xüsusi qeyd etmək gərəkdir. Həmin addım və təşəbbüslərin qısa xronikasına nəzər salaq.
   
   * * *
   19 oktyabr 2006-cı il, Paris. UNESCO-nun Baş Qərargahında təşkilatın 60 illik yubileyinə həsr olunmuş “Sivilizasiyalararası dialoq” həftəsi çərçivəsində “Azərbaycan - sivilizasiyaların və mədəniyyətlərin kəsişdiyi yer” adı altında Azərbaycan Günü keçirilib. Tədbirdə çıxış edən Mehriban xanım Əliyeva deyib: “Azərbaycan zəngin mədəni irsi və ənənələri ilə seçilən qədim diyardır. Əsrlər boyu Azərbaycan sivilizasiyalar arasında dialoqun aparılmasında mühüm rol oynayıb. Ölkəmiz Şərqlə Qərbin qovuşduğu məkanda yerləşir. Bu gün Azərbaycan Avropa dəyərlərini qəbul edən dünyəvi, yüksək tolerantlığı ilə fərqlənən bir ölkədir. Dini və etnik dözümlülük əldə etdiyimiz uğurların əsas elementidir və bizim sərvətimizdir”.
   
   * * *
   10-11 iyun 2008, Bakı. “Gülüstan” sarayında “Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi” mövzusunda beynəlxalq forum keçirilib. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü, UNESCO-nun və İSESCO-nun dəstəyi ilə keçirilən forumda Bakı Bəyannaməsi qəbul olunub. Beynəlxalq forumdakı çıxışında Mehriban xanım Əliyeva bu sahədə qarşıda duran vəzifələrdən danışaraq deyib: \"Görəsən, sivilizasiyalara, xalqlara və ayrı-ayrı insanlara bir-birini eşitməyə, anlamağa nə mane olur və nə kömək ola bilər? Biz sivilizasiyaların dialoqu və ya qarşıdurması ilə bağlı müxtəlif siyasi və elmi doktrinaları müzakirə edirik. Lakin sivilizasiyaların dialoqu problemini hansısa abstrakt bir problem kimi müzakirə etməyin vaxtı artıq çoxdan keçib. Aydın təsəvvür etmək lazımdır ki, bu problemin arxasında minlərlə insanın taleyi və həyatı dayanır. Ümidvaram ki, Bakı forumu gələcəkdə ənənəvi şəkil almaqla, sivilizasiyaların faydalı dialoqunun formalaşmasına dair hər birimizin öz ideya və məqsədlərimizi həyata keçirmək üçün imkan yarada bilər”.
   
   * * *
   2-3 dekabr 2008-ci il, Bakı. Avropa Şurasının üzvü olan dövlətlərin mədəniyyət nazirlərinin “Mədəniyyətlərarası dialoq Avropa və onun qonşu regionlarında davamlı inkişafın və sülhün əsasıdır” mövzusunda konfransı keçirilib. Konfransda Avropa Şurasına üzv olan, Avropanın qonşu regionlarını təmsil edən ölkələr, Avropa Komissiyası, UNESCO, İSESCO və s. təşkilatlar təmsil olunub, ümumilikdə 250-dən çox nümayəndə, o cümlədən 16 nazir, 18 nazir müavini, 10 beynəlxalq təşkilatın başçısı iştirak edib. Konfransda çıxış edən prezident İlham Əliyev Avropa və İslam dünyası ölkələrini bir araya gətirən tədbiri Qərb və Şərqin mədəni həyatında mühüm hadisə adlandırıb: “Biz çox şadıq ki, Şərqlə Qərbin kəsişdiyi yerdə, Bakıda müxtəlif ölkələrdən müxtəlif dinlərin nümayəndələri iştirak edirlər. Bunun çox böyük əhəmiyyəti var. Mən çox istəyirəm ki, bu gün Azərbaycanda başlanan Bakı prosesi mədəniyyətlər arasında olan dialoqun, dostluğun, qarşılıqlı anlaşmanın möhkəmlənməsinə öz dəyərli töhfəsini versin. Əminəm ki, konfransın çox gözəl nəticələri olacaq və bu nəticələr hesabına mədəniyyətlərarası dialoqun möhkəmlənməsi prosesi daha da güclənəcək. Çox istərdim ki, bu gün başlanan “Bakı prosesi” uzunmüddətli olsun. Bu konfransın keçirilməsindən sonra konkret mexanizmlər işlənilsin, konkret fəaliyyət planı hazırlansın. Belə tədbirlərin keçirilməsi həm Bakıda, həm də digər şəhərlərdə ənənəyə çevrilsin”.
   
   * * *
   18 fevral 2009-cu il, Bakı. Heydər Əliyev Sarayında “Bakı - İslam mədəniyyətinin paytaxtı-2009” Mədəniyyət ilinin təntənəli açılış mərasimində çıxış edən prezident İlham Əliyev Azərbaycanın mədəniyyətlərarası dialoqa verdiyi önəmi bir daha vurğulayıb: “Biz öz siyasətimizlə, addımlarımızla və praktik işlərimizlə İslam aləminin bir-birinə daha da yaxın olmasına çalışırıq. Birgə təşəbbüslərimiz çox uğurlu olur. Bütün bu təşəbbüslər bir məqsəd güdür: dünyada sülh bərqərar olunsun, sivilizasiyalar arasında aparılan dialoq daha da möhkəm olsun və yaxşı nəticələr versin. Azərbaycanın bu işlərdə rolu getdikcə artmaqdadır. Avropa ilə İslam dünyası arasında münasibətlərin möhkəmlənməsi bizim maraqlarımıza cavab verir. Çünki əlaqələr nə qədər çox olsa, nə qədər çox qarşılıqlı anlaşma olsa, uğurlar da bir o qədər çox olacaq”.
   
   * * *
   13-15 oktyabr 2009-cu il, Bakı. Azərbaycan paytaxtında daha bir mötəbər beynəlxalq məclis - İslam Konfransı Təşkilatı ölkələri mədəniyyət nazirlərinin VI konfransı keçirilib. Konfransa təbrik məktubu göndərən prezident İlham Əliyev ölkəmizin tarixi ənənələri davam etdirərək müxtəlif dinlər, mədəniyyətlər arasında konstruktiv dialoqun qurulması prosesinə daim diqqət yetirdiyini vurğulayıb.
   Dövlət başçısı konfrans iştirakçıları ilə görüşdə bu fikri bir daha nəzərə çatdırıb: “Azərbaycan sivilizasiyalararası dialoqun gücləndirilməsinə öz töhfəsini verir. Çünki bizim coğrafi vəziyyətimiz və eyni zamanda, Avropa təşkilatlarına üzv olmağımız bu unikal imkanları yaradır. Biz çalışacağıq öz səylərimizi bundan sonra da artıraq ki, mədəniyyətlərarası dialoqun gücləndirilməsinə daha da böyük töhfə verək”.
   Konfrans çərçivəsində “Mədəniyyətlərarası dialoq” mövzusunda keçirilmiş “dəyirmi masa”da “Bakı Prosesi - sivilizasiyalar arasında dialoqa yeni çağırış” adlı rəsmi sənəd qəbul edilib. Bunun ardınca TÜRKSOY-un Daimi Şurasının 2009-cu il oktyabrın 16-17-də Bakıda keçirilmiş 26-cı toplantısında qəbul olunan sənədlərdə də prezident İlham Əliyevin irəli sürdüyü “Bakı Prosesi”nin davam etdirilməsinin vacibliyi əksini tapıb.
   Bununla da mədəniyyətlərarası dialoqa dair Dünya Forumuna hazırlıq praktik mərhələyə qədəm qoyub. 2010-cu il mayın 20-də Bakıda UNESCO-nun “Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqinə dair Konvensiya”sının təqdimat mərasimində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev 2011-ci ildə Bakıda Azərbaycan hökumətinin təşəbbüsü ilə mədəniyyətlərarası dialoqa dair Dünya Forumunun keçiriləcəyini bildirib.
   
   * * *
   23 sentyabr 2010-cu il, Nyu-York. Azərbaycan prezidenti İlham Əliyev Nyu-Yorkda BMT Baş Məclisinin 65-ci sessiyasında 2011-ci ilin aprelində Bakıda Dünya Mədəniyyətlərarası Dialoq Forumunun keçiriləcəyini rəsmən bəyan edib: “Azərbaycan dinlərarası və mədəniyyətlərarası dialoqun təşviqinə qarşılıqlı hörmət və anlaşma əsasında töhfə verir. Azərbaycan 2010-cu ilin yazında 32 dövlətin dini rəhbərlərinin Dünya Sammitini təşkil edib, 2011-ci ilin aprelində isə Mədəniyyətlərarası Dialoq naminə Dünya Forumunu keçirmək təşəbbüsü ilə çıxış edib”.
   
   * * *
   Beləliklə, Azərbaycan rəhbərliyinin mədəniyyətlərarası dialoq sahəsində ardıcıl təşəbbüsləri beynəlxalq aləmdə layiqli rezonans doğurub və bunun nəticəsidir ki, dünyanın beş qitəsinin 80-dən çox ölkəsindən nümayəndələr dialoq və anlaşma naminə Bakıya toplaşırlar.