Dünya Forumu çərçivəsində keçirilən paralel tədbirlərdən biri də “Texnologiya, sosial media və jurnalistikanın mədəniyyətlərarası münasibətlərə təsiri” mövzusunda seminar oldu. Seminarda internet texnologiyalar və sosial medianın mədəniyyətlərarası anlaşmada rolu, “Facebook”, “Twitter” kimi sosial şəbəkələrin müsbət və mənfi tərəfləri haqqında müzakirələr aparıldı.
Seminara sədrlik edən Azərbaycanın Avropa Şurasındakı daimi nümayəndəsi, səfir Arif Məmmədov müzakirə olunan mövzunun mühüm aktuallıq kəsb etdiyini bildirdi. Səfir informasiya texnologiyalarının sürətlə inkişaf etdiyi bir dövrdə sosial şəbəkələrin dünyanın müxtəlif hissələrində yaşayan, fərqli mədəniyyətləri təmsil edən insanlar arasında ünsiyyətin qurulmasında rolundan, eləcə də sosial və ənənəvi media arasında əlaqələrdən bəhs etdi. O, vətəndaşların, xüsusilə də gənclərin sosial şəbəkələrin yaratdığı imkanlardan düzgün istifadə etmələrinin vacibliyini vurğuladı.
“Euronews” kanalının jurnalisti Nil O’Reyi müasir dünyada mədəniyyətlərarası dialoqa həqiqətən də böyük ehtiyacın olduğunu bildirdi, bu baxımdan Bakı Forumunun əhəmiyyətini xüsusi vurğuladı. O, mədəniyyətlərarası dialoqun təşviq edilməsində medianın üzərinə böyük vəzifənin düşdüyünü dedi.
ABŞ-ın “Global Voice Online” beynəlxalq şəbəkəsinin baş redaktoru xanım Solana Larsen müasir dövrdə mediada tətbiq edilən innovasiyalar haqqında, Bakıda keçirilən mədəniyyətlərarası forumun həm də jurnalistlər arasında dialoqun qurulmasında əhəmiyyətindən, Kaliforniya Universitetinin nümayəndəsi Kader Əbdürrəhim müasir dövrdə sosial medianın mədəniyyətlərarası münasibətlərin inkişafındakı rolundan danışdılar. Fransanın “Le Media A Paris” təşkilatının nümayəndəsi Fransis Pizani Dünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində belə bir seminarın keçirilməsinin əhəmiyyətini xüsusi vurğuladı.
Sonra seminar müzakirələrlə davam etdirildi. Müzakirələrdə iştirak edən İran prezidentinin mətbuat müşaviri, İRNA-nın icraçı direktoru Əli Əkbər Cavanfikir, Kubanın mədəniyyət naziri Abel Prieto, İraqın Milli Xəbər Agentliyinin səlahiyyətli direktoru, qurumun idarə heyətinin sədr müavini Abdul Muhsin Cavad, Milli Məclisin deputatı Asim Mollazadə və başqaları sosial media və jurnalistikanın mədəniyyətlərarası münasibətlərə təsiri ilə bağlı fikirlərini bildirdilər. Seminarın sonunda rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə müvafiq təqdimatla çıxış etdi.
Ceyhun