İordaniya, Bolqarıstan, İraqla imzalanan sənədlər ikitərəfli münasibətlərin inkişafına zəmin olacaq
   
   Dünya Mədəniyyətlərarası Dialoq Forumu bir sıra yüksək səviyyəli görüşlər və əməkdaşlıq sənədlərinin imzalanması ilə də yadda qalıb.
   
 
  Aprelin 8-də Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Forumda iştirak edən İordaniya Haşimilər Krallığının mədəniyyət naziri Tariq Səlim Masarva ilə görüşüb. Görüşdə iki ölkə arasında münasibətlərlə bağlı fikir mübadiləsi aparılıb.
   Nazir Ə.Qarayev ölkələrimizdə qarşılıqlı mədəniyyət günlərinin yüksək səviyyədə keçirilməsini xatırladaraq qeyd edib ki, belə mədəni tədbirlər əlaqələrimizin möhkəmlənməsinə güclü təkan verir. Öz növbəsində İordaniya naziri Bakı Forumunu yüksək qiymətləndirib.
   Görüşdə Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi və İordaniya Haşimilər Krallığının Mədəniyyət Nazirliyi arasında mədəniyyət sahəsində 2011-2013-cü illəri əhatə edən əməkdaşlıq barədə tədbirlər planı imzalanıb.
   * * *
   Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Dünya Forumunda iştirak edən Bolqarıstanın mədəniyyət naziri Vejdi Raşidovla da görüşüb. Görüşdə iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlığa dair saziş imzalanıb.
   Nazir Ə.Qarayev bildirib ki, bu sənəd Azərbaycan ilə Bolqarıstan arasında mədəniyyət sahəsində əməkdaşlığın daha da genişlənməsinə zəmin olacaq. Bolqarıstan naziri sazişin ikitərəfli münasibətlər üçün əhəmiyyətini vurğulayıb.
   * * *
   Dünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində aprelin 9-da Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi və İraqın Mədəniyyət Nazirliyi arasında mədəniyyət sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Sənədi Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və İraqın mədəniyyət nazirinin müavini Tahir Nazir Mahmud Əl Hamud imzalayıblar.
   Mərasimdə çıxış edən nazir Əbülfəs Qarayev Azərbaycan ilə İraq arasında mövcud olan tarixi dostluq münasibətləri haqqında danışaraq imzalanan sənədin mədəniyyət sahəsində əlaqələrə yeni təkan verəcəyini deyib. İraq naziri ölkəsinin Azərbaycanla əlaqələrin inkişafında maraqlı olduğunu bildirib, bu baxımdan Memorandumun əhəmiyyətini vurğulayıb.