Azərbaycan haqqında tarixi sənədlər nazirliyə təqdim edildi
   
   Aprelin 11-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev XX əsrin əvvəlində Azərbaycanın neft sənayesində çalışmış tanınmış sahibkar, məşhur ixtiraçı, mesenat Lüdviq Nobelin varisləri ilə görüşdü. 
  
 
   Mədəniyyət və Turizm Nazirliyində keçirilən tədbirdə nazir müavini Sevda Məmmədəliyeva, Nobel ailəsinin nümayəndələri - Peter, Anna, Nils, İren Oleinikofflar, Filip Nobel, eləcə də Bakı Nobel İrsi Fondunun prezidenti Toğrul Bağırov iştirak edirdi.
   Nobel ailəsinin nümayəndələri Azərbaycanla bağlı arxiv sənədlərini nazir Əbülfəs Qarayevə təqdim etdilər. Bu sənədlər arasında köhnə Bakının fotoları, Nobel qardaşlarının ölkəmizdəki fəaliyyətini özündə əks etdirən kitablar, albom və başqa materiallar da var.
   Qonaqları salamlayan nazir dünyanın ən nüfuzlu ailələrindən biri olan Nobellərin Azərbaycanla əlaqələrinin tarixi köklərindən danışdı. O, ölkəmiz üçün əhəmiyyətli olan bu tarixi sənədlərə görə Nobel ailəsinin üzvlərinə təşəkkürünü bildirdi. Nazir həmin sənədlərin bir əsrdən çox yaşı olduğunu qeyd edərək hazırda heç bir arxivdə rast gəlinməyən Bakının qədim fotoşəkillərini Azərbaycan üçün mühüm töhfə kimi qiymətləndirdi. Bu sənədlərin tədqiqat üçün müvafiq muzeylərə təqdim ediləcəyini bildirdi.
   Ə.Qarayev Azərbaycanda Nobel irsinə böyük ehtiram göstərildiyini, Bakı Nobel İrsi Fondunun təsis olunduğunu nəzərə çatdırdı. Fond vasitəsilə vaxtilə Nobellərin tikdikləri və yaşadıqları evin “Villa petrolia”nın bərpa olunduğunu, hazırda orada muzeyin fəaliyyət göstərdiyini dedi.
   Nobel ailəsinin üzvləri ata-babalarının həyat və fəaliyyəti ilə sıx bağlı olan Azərbaycana gəlişlərindən məmnun qaldıqlarını bildirdilər. Onlar həmçinin Nobel qardaşlarının ailə iqamətgahının - “Villa Petrolia”nın yenidən bərpasına və əvvəlki görkəminin qorunub saxlanıldığına görə Bakı Nobel İrsi Fondunun prezidenti Toğrul Bağırova təşəkkürlərini bildirdilər.
   
   Reyhan