Aprelin 9-10-da Beynəlxalq Muğam mərkəzində BMT-nin Sivilizasiyaların İttifaqı Katibliyinin, Heydər Əliyev Fondunun, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun (DƏ-İKGF) təşkilatçılığı ilə Sivilizasiyaların İttifaqı Uğrunda Qlobal Gənclər Hərəkatının (SİQGH) birinci konqresi keçirildi. Qeyd edək ki, Sivilizasiyaların İttifaqı Uğrunda Gənclər Hərəkatı 2007-ci ilin noyabrında Bakıda keçirilmiş “Gənclər sivilizasiyaların alyansı naminə” mövzusunda Beynəlxalq konfransda Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə təsis edilib.
   Tədbirdə çıxış edən gənclər və idman naziri Azad Rəhimov konqresin dünya gənclərinin fəaliyyətinin genişləndirilməsinə, sivilizasiyaların ittifaqında onların rolunun artırılmasına təkan verəcəyini bildirdi. İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri 40 ölkədən 100-dən çox gəncin iştirak etdiyi konqresin Azərbaycanda keçirilməsini sevindirici hadisə kimi qiymətləndirdi. Qeyd etdi ki, 2010-cu il BMT tərəfindən “Gənclər ili” elan olunub və bir sıra layihələr hazırlanıb. Sivilizasiyaların İttifaqı Uğrunda Qlobal Gənclər Hərəkatının birinci konqresi də həmin layihələrin davamıdır.
   Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun baş katibi Elşad İsgəndərov bildirdi ki, hərəkat BMT-nin mədəniyyətlərarası dialoq tədbirlərində gənclərin səsinin eşidilməsini təmin edəcək.
   Avropa Şurasının gənclər və idman departamentinin direktoru Ralf-Rene Vaynqartner, BMT-nin Sivilizasiyalar İttifaqı Katibliyinin icraçı direktoru Mark Şuer, BMT-nin Sivilizasiyaların İttifaqı gənclər proqramının əlaqələndiricisi İzabella Leqare konqresin əhəmiyyətini vurğuladılar.
   Konqresdə hərəkatın Nizamnamə, Bakı Bəyannaməsi və Fəaliyyət Planı qəbul olundu.