Dünya Mədəniyyətlərarası Dialoq Forumu bir sıra yüksək səviyyəli görüşlər və əməkdaşlıq sənədlərinin imzalanması ilə də yadda qaldı.
   
   Aprelin 8-də Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Forumda iştirak edən İordaniya Haşimilər Krallığının mədəniyyət naziri Tariq Səlim Masarva, Bolqarıstanın mədəniyyət naziri Vejdi Raşidov, İraqın mədəniyyət nazirinin müavini Tahir Nazir Mahmud Əl Hamudla ikitərəfli görüşlər keçirib. Görüşlərdə ölkələrimizin mədəniyyət sahəsində əməkdaşlığının inkişaf etdiyi qeyd olunub, qarşılıqlı mədəniyyət günlərinin yüksək səviyyədə keçirilməsinin bu işə mühüm töhfə olduğu vurğulanıb.
   Görüşlərin yekunu olaraq Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi və İordaniya Haşimilər Krallığının Mədəniyyət Nazirliyi arasında mədəniyyət sahəsində 2011-2013-cü illəri əhatə edən əməkdaşlıq barədə tədbirlər planı, Azərbaycanla Bolqarıstan arasında mədəniyyət sahəsində əməkdaşlığa dair saziş, Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi və İraqın Mədəniyyət Nazirliyi arasında mədəniyyət sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
   Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Forum çərçivəsində Latviyanın mədəniyyət naziri xanım Sarmite Elerte ilə də görüşüb. Latviya naziri Bakıda belə bir möhtəşəm tədbirin təşkilinin böyük əhəmiyyət daşıdığını vurğulayıb. O, Azərbaycanla mədəniyyət sahəsində əməkdaşlığın həyata keçirilməsi istiqamətində 3 illik tədbirlər planının hazırlanacağını bildirib.
   Forum çərçivəsində daha bir müqavilə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi, Rüstəm Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyi və Rusiya Dövlət Ermitajı arasında imzalanıb. Müqaviləyə əsasən, Azərbaycan Dövlət İncəsənət Muzeyində Rusiya Dövlət Ermitajının eksponatlarından ibarət “İslam dünyasının incəsənəti. Şərq və Qərb” mövzusunda sərgi təşkil olunacaq.
   Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və Rusiya Dövlət Ermitajının direktoru Mixail Piotrovski sənədin əhəmiyyətini yüksək qiymətləndiriblər.