Dünyada sülh və inkişafa nail olmağın yolu fərqli baxışların dialoqundan keçir
   
   Aprelin 7-də Bakıda Dünya Mədəniyyətlərarası Dialoq Forumunun “Sülh və inkişafa nail olmaq məqsədilə mədəniyyətlərarası anlaşma və mədəni müxtəliflik” mövzusunda birinci sessiyası keçirildi.
    
      Sessiyanı açan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirdi ki, Forumun əsas məqsədi dünyada gedən proseslər fonunda mədəniyyətlərarası dialoqun konseptual, idarəçilik, siyasi və praktiki aspektlərini, yaxşı təcrübəni bölüşməkdir: “Biz mədəniyyətlərarası dialoqun uğurlu tətbiq olunmasına nəyin təsir etdiyini bilməliyik. Bunun üçün əsas elementləri aydınlaşdırmalı və onları tətbiq etməliyik. Sivilizasiyalar arasında dialoq digər insanların özünəməxsusluğuna, dilinə, dininə, etiqadlarına, ideallarına hörmətlə yanaşaraq, mövcud mədəni və sivilizasiya özəlliklərini pozmadan ətrafdakı insanlara ehtiram və ədalətlə yanaşma əsasında birləşdirici meyarlara əsaslanmalıdır. Məmnuniyyətlə qeyd etməliyik ki, «Bakı Prosesi» çərçivəsində keçirilən Dünya Forumu bu sahədə yeni praktiki təşəbbüslərin həyata keçirilməsi, bu günün çağırışlarının mədəniyyətlərarası dialoq və dünyəvi dəyərlərin ruhunda müzakirəsi üçün platformanın yaranmasına səbəb oldu. Forumda Avropa, Amerika, Afrika, Asiya və Avstraliya qitələrindən 450-dən artıq qonaq, 80 ölkədən nümayəndə iştirak edir. Nəzərə alsaq ki, coğrafi uzaqlıqlar xalqlar arasında mədəniyyətlərarası dialoq mübadiləsində bəzi çətinliklər yaradır, biz bir platforma da irəli sürmək istəyirik. Azərbaycan dilində bütün qitələrin adları A hərfi ilə başladığı üçün simvolik olaraq “5A mədəniyyətlərarası əməkdaşlıq platforması”nın gələcəkdə proqram şəklində təsis edilməsini təklif edirik. İnanırıq ki, bu bizim mədəniyyətlərarası dialoq sahəsində praktik fəaliyyətimizin dünya çərçivəsini müəyyənləşdirəcək».
   Mədəniyyət və turizm nazirinin giriş nitqindən sonra sessiya işinə başladı.
   Sessiyaya Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və BMT-nin Sivilizasiyalar Alyansının strateji inkişaf və tərəfdaşlıq üzrə müşaviri Jan Kristof Ba sədrlik edirdi. Nazir E.Məmmədyarov çıxışında vurğuladı ki, Azərbaycan mədəni müxtəlifliyə malik, ayrı-ayrı dini icma və xalqların sülh şəraitində, bərabər yaşadıqları bir ölkədir: “Ümid edirəm ki, bu tədbir çərçivəsində ya yeni əməkdaşlıq formaları yaranacaq, yaxud mövcud əməkdaşlıq formaları daha da gücləndiriləcək”.
   BMT-nin Sivilizasiyalar Alyansının nümayəndəsi J.K.Ba Beynəlxalq Münaqişələr üzrə İnstitutun apardığı araşdırmaların nəticələrini xatırladaraq bildirdi ki, dünyada 143 ciddi münaqişə ocağı var. Onların 8-də mövcud olan güclü mədəni komponent bu münaqişələrin yaranmasına səbəb olub: “Hazırda biz elə bir tarixi dövrdə yaşayırıq ki, bir-birimiz haqqında kifayət qədər məlumatlı olmalıyıq. Bu baxımdan belə bir dialoqun keçirilməsini yüksək qiymətləndirirəm”.
   Mədəniyyətlərarası dialoq üzrə ilk Dünya Forumunun Bakıda keçirilməsinin mühüm əhəmiyyətini qeyd edən sessiya iştirakçısı, Şanxay Beynəlxalq Əlaqələr Mərkəzi sədrinin müavini Pan Guanq sülh və inkişafla mədəniyyətlərarası anlaşma və mədəni müxtəliflik arasında əlaqələrdən danışdı. Çinli qonaq xüsusi vurğuladı ki, Azərbaycan müxtəlif millətlərin, fərqli dinlərə sitayiş edən insanların tarixən mehriban dostluq şəraitində yaşadığı tolerant bir ölkədir. Bu isə ölkənin inkişafında vacib amildir: “Azərbaycanda yaradılmış bu nadir təcrübə digər ölkələr tərəfindən öyrənilməlidir”.
   Sonra UNESCO-nun mədəniyyət siyasəti və mədəniyyətlərarası dialoq sektorunun müdiri Katerina Stenou, Avropa Şurasının Şimal-Cənub Mərkəzi sədrinin müavini Eberard Koelş, Britaniya Şurasının “Counterpoint” təşkilatından Katrin Fieski, ABŞ-ın Duk Universitetinin professoru Karla Dierdorf, Avropa “Verqeland” Mərkəzinin müşaviri Qunnar Mandt, Avropa Şurasının sabiq baş katibi, Dünya İctimai Forumunun Beynəlxalq Əlaqələndirmə Komitəsinin sədri Valter Şvimmer, Fransa Senatının üzvü, işçi qrupunun rəhbəri Natali Qule, Azərbaycan Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov və başqaları çıxış etdilər.
   Çıxışlarda vurğulandı ki, bu mötəbər forumun Bakıda keçirilməsi təsadüfi deyil, çünki Azərbaycan bir çox sivilizasiyaların və mədəniyyətlərin qovuşduğu bir məkandır. Mədəniyyətlərarası dialoqun bütün nüfuzlu təşkilatların, beynəlxalq ictimaiyyətin gündəliyində duran əsas məsələlərdən biri olduğunu deyən natiqlər qeyd etdilər ki, bu formatda təşkil olunan dialoqlar xalqları bir-birinə daha çox yaxınlaşdırır. Hazırda hökumətlərarası təşkilatlar, eləcə də özəl sektor və mədəniyyət təsisatlarının irəli sürdükləri təşəbbüslər çərçivəsində tədqiqat layihələri reallaşır. Siyasi təşəbbüslər sülh, eləcə də inkişaf məqsədini güdən mədəni müxtəlifliklə mədəniyyətlərarası dialoq arasında qarşılıqlı əlaqəni qurmaq üçün formalaşdırılır.
   Sessiyada bu təşəbbüslərdən bəziləri təqdim olundu və onların beynəlxalq gündəlikdə duran müxtəlif variantları və nəticələri müzakirə edildi.