Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Cənub-Şərqi Avropanın Mədəniyyət Nazirləri Şurasının illik sessiyasında iştirak edib
   
   Aprelin 14-15-də Rumıniyanın paytaxtı Buxarestdə Cənub-Şərqi Avropanın Mədəniyyət Nazirləri Şurasının illik sessiyası keçirilib. Sessiyada Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərliyi ilə nümayəndə heyəti iştirak edib.
   
   Cənub-Şərqi Avropa ölkələrinin mədəniyyət nazirlərinin, beynəlxalq təşkilatların nümayəndələrinin iştirak etdikləri tədbirdə beynəlxalq əməkdaşlıq proqramları, mədəni layihələrin həyata keçirilməsi və regional əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub.
   İclasda Qara dəniz və Cənubi Qafqaz ölkələrinin mədəniyyət sahəsində əməkdaşlıq səylərini birləşdirmək məqsədi ilə Rumıniyanın Mədəniyyət və Milli İrs Nazirliyi tərəfindən irəli sürülmüş Qara dəniz və Cənubi Qafqaz Mədəniyyət Nazirləri Şurasının təsis edilməsinə dair Əsasnamə layihəsi də müzakirə mövzusu olub. Azərbaycan tərəfindən sözügedən sənəd layihəsinin dövlətdaxili proseduralardan keçməsinin vacibliyi qeyd edilib.
   Şuranın illik sessiyasında çıxış edən Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev tədbir iştirakçılarına bu il aprelin 7-dən 9-dək Bakıda keçirilmiş Dünya Mədəniyyətlərarası Dialoq Forumunun nəticələri barədə məlumat verib. Nazir Bakı Forumunun Azərbaycan prezidenti İlham Əliyevin təşəbbüsü və dəstəyi ilə daimi əsasda təsis edildiyini və növbəti belə tədbirin 2013-cü ilin aprelində keçirilməsinin nəzərdə tutulduğunu deyib.
   Səfər çərçivəsində Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və Rumıniyanın mədəniyyət və milli irs naziri Kelemen Hunor arasında görüş keçirilib. Görüşdə qarşılıqlı mədəni əməkdaşlıq məsələləri müzakirə edilib.