Aprelin 20-də Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Filarmoniyasında Xalq şairi Nəriman Həsənzadənin anadan olmasının 80 illiyinə həsr edilmiş təntənəli yubiley gecəsi keçirildi. 
      
   Mərasimdə baş nazirin müavini Elçin Əfəndiyev, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, millət vəkilləri, ədəbiyyat, mədəniyyət və incəsənət xadimləri, Nəriman Həsənzadə poeziyasını sevənlər iştirak edirdilər.
   Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Şərəf” ordeninə layiq görülmüş yubilyarı təbrik edərək yüksək mükafatı Nəriman Həsənzadəyə təqdim etdi.
   Milli Məclisin Mədəniyyət komitəsinin sədri, AMEA-nın müxbir üzvü Nizami Cəfərov Xalq şairinə təbriklərini çatdırdı, Nəriman Həsənzadənin yaradıcılığına yüksək qiymət verdiyinə görə ədəbi ictimaiyyət adından Azərbaycan prezidentinə minnətdarlığını bildirdi. Nəriman Həsənzadənin şair, dramaturq, nasir və ictimai xadim kimi fəaliyyətindən danışan Nizami Cəfərov çağdaş ədəbiyyatımızın ustadlarından biri olan şairin yaradıcılığında tarixi mövzuların mühüm yer tutduğunu qeyd etdi.
   Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar yubilyarın çağdaş ədəbiyyatımızda özünəməxsus yeri olduğunu və ləyaqətli şair ömrü yaşadığını xüsusi ilə vurğuladı.
   Mərasimdə çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç şairin “Nuru Paşa” poemasının bütün türk dünyasında sevildiyini diqqətə çatdırdı.
   AMEA-nin Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik Bəkir Nəbiyev, Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov, Qazax rayon İH-nin başçısı Rauf Hüseynov, professor Nizaməddin Şəmsizadə və başqaları çıxış edərək Nəriman Həsənzadənin insanın qəlbinə asanlıqla yol tapan şeirlərindən, zəngin yaradıcılığından danışdılar.
   Tədbirdə Milli Aviasiya Akademiyasının tələbələrinin ifasında Nəriman Həsənzadənin şeirləri səsləndi, Xalq şairinə hədiyyə təqdim olundu.
   Yubiley gecəsində tanınmış incəsənət ustaları şairin sözlərinə bəstələnmiş mahnılar ifa etdilər. Akademik Milli Dram Teatrının aktyorları Nəriman Həsənzadənin “Pompeyin Qafqaza” yürüşü” mənzum dramı əsasında hazırlanmış tamaşadan bir parça nümayiş etdirdilər.
   Mənalı şair ömrü yaşayan Nəriman Həsənzadə sonda çıxış edərək yaradıcılığına verilən yüksək qiymətə görə ölkə başçısı İlham Əliyevə, gecənin iştirakçılarına öz təşəkkürünü bildirdi və maraqlı şeir nümunələri söyləyərək gecəni yekunlaşdırdı.
   
   Təranə Vahid