Aprelin 26-da Yevlax şəhərində tanınmış yazıçı-dramaturq, ”Ulduz” jurnalının baş redaktoru Elçin Hüseynbəylinin oxucularla görüşü və “İmza günü” keçirilib. Sahil parkında düzənlənən tədbirdə rayon rəhbərliyi və ictimaiyyət fəalları iştirak edib.
   Görüşü «Kür» qəzetinin baş redaktoru, publisist Əminə Yusifqızı açaraq müəllifin yaradıcılığı barədə məlumat verib.
   Şəhər İcra Hakimiyyətinin başçısı Qoca Səmədov Elçin Hüseynbəylinin yaradıcılığı ilə çoxdan tanış olduğunu, hekayə və romanlarını həvəs və maraqla mütaliə etdiyini deyib. O, tanınmış ədibin oxucularla görüşünü şəhərin mədəni həyatında əlamətdar hadisə kimi qiymətləndirib.
   Azərbaycan Yazıçılar Birliyi Qarabağ bölməsinin sədri, şair Ənvər Əhməd Elçin Hüseynbəylinin çağdaş ədəbiyyatımızın parlaq simalarından oduğunu və nəsrimizə poetik düşüncə gətirdiyini deyib. Qeyd olunub ki, yazıçının 8 pyesi teatrlarda tamaşaya qoyulub, əsərləri müxtəlif xalqların dillərinə tərcümə olunub.
   Tədbirin təşkilatçı və iştirakçılarına minnətdarlığını bildirən Elçin Hüseynbəyli Yevlaxda oxucularla görüşündən məmnunluğunu dilə gətirib.
   Yazıçı oxucuların suallarına cavab verib, “Şah Abbas”, “Ağ-qara hekayələr”, “Yol ayrıcında qaçış” kitablarını imzalayaraq onlara təqdim edib.